Qlobal qarşıdurmanın nəticələri məlum olmamış Azərbaycan və Ermənistan böyük güclərin birinin regionu tamamilə nəzarətə almasında maraqlı deyil
Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçirilib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan
Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak ediblər.
Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki
tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa
hazırlanması yollarını müzakirə ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla
Abdullayeva bildirib ki, tərəflər arasında 4 saatdan çox davam edən
danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil
olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə
yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.
İlk dəfədir ki, Ermənistan tərəfinin də paylaşdığı bəyanatda
Azərbaycan tərəfinin uzun illərdir istifadə etdiyi "nəticəyə yönəlmiş
danışıqlar" ifadəsindən istifadə olunduğunu görürük. Siyasi təhlilçilər
belə hesab edirlər ki, əslində bu, "nəticəyə yönəlmiş danışıqların davam
etdiriləcəyini" göstərir. Özlüyündə ilk dəfədir ki, həm dekabr görüşündə,
həm də yanvar görüşündə bu baxımdan pozitiv mesajlar verilir.
Lakin əksər müşahidəçilərin qənaətinə görə, qısa bir zamanda tərəflərin
hansısa məsələdə razılığa gələcəyini gözləmək mümkün deyil. Diqqəti cəlb edən
məqam ondan ibarətdir ki, münaqişənin həllinin baza prinsiplərinin
razılaşdırılması istiqamətində ilk dəfədir mövqelərdə yaxınlaşma hiss edilir.
"Tərəflərin sülhə hazırlanması" açıqlaması da ciddi təhlilə ehtiyacı
olan məsələdir. "Sülhə hazırlamaq" isə o qədər də hiss edilmir.
İntensiv aparılacaq danışıqlar zamanı hər hansı bir ortaq razılaşma əldə
olunarsa, bununla bağlı cəmiyyətə müəyyən detalların çatdırılması müşahidə edilə
bilər. Görünür ki, bu mərhələdə tərəflərin maksimalist bəyanatlarının qarşısını
almaqdan söhbət gedir.
Əgər gerçəkdən sülh danışıqlarında nəticə əldə edilsəydi, bunun
cəmiyyətə izah edilməsi də müşahidə olunardı. Burada əsas məqamlardan biri də
savaş tərəfdarı olan "Qarabağ klanı"nın Ermənistanda siyasi
hakimiyyətdən getməsidir. Paşinyan hakimiyyətə Qarabağ dalğasında üzərində
gəlməyib. Əhalinin sosial problemlərinin ağırlığına dözümsüzlüyü onları
hakimiyyətə gətirib. Düzdür, Paşinyanın münaqişənin həlli ilə bağlı aydın
proqramı yoxdur. Lakin Paşinyan anlayır ki, o, sələflərinin Qarabağ siyasətini
davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçə bilər.
Ermənistanda da anlayırlar ki, Azərbaycan ordusuna ayrılan büdcənin
Ermənistanın ümumi büdcəsindən dəfələrlə böyükdür. Bu baxımdan, Ermənistan
Azərbaycanla savaşa başlamaq gücündə deyil.
Bununla belə, münaqişənin tərəflərinin bir-birindən kəskin fərqlənən
mövqeləri münaqişənin sülh yolu ilə həllinə olan inamı azaldır. Belə ki,
Azərbaycan tərəfi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin
ərazi bütövlüyü prinsipinə əsaslandığı halda, Ermənistan tərəfi bu prinsipə
daban-dabana zidd olan beynəlxalq hüququn digər bir prinsipinə - millətlərin öz
müqəddaratını təyin etmə prinsipinə əsaslanır.
Mövqelərdə olan kəskin fərq yalnız o zaman sülhə gətirib çıxara bilər
ki, iki tərəfdən biri mövqeyindən imtina etsin. Ermənistanın səbəbsiz yerə
mövqeyində hər hansı bir dəyişikliklər etməsini gözləmək sadəlövlük olardı.
Digər tərəfdən, münaqişənin sülh yolu ilə həllinə cəlb edilmiş
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti də nəticəsiz qalmaqdadır.
İlkin səbəb yuxarıda qeyd edilən tərəflər arasındakı kəskin ziddiyyətlər
olsa da, digər səbəb Minsk Qrupunun tərəflərə təsir göstərə bilməməsidir. Minsk
Qrupunun həmsdərləri bu günə qədər müxtəlif həll yolları təklif etsələr də, ya
Azərbaycan tərəfinin, ya da Ermənistan tərəfinin etirazına əsasən müsbət nəticə
əldə olunmayıb.
Bundan əlavə, hər iki tərəfdən əhali bir-birinə qarşı inamsızlıq
nümayiş etdirməkdə davam edir. Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı
nifrət cəmiyyətdə elə bir səviyyədə institutlaşıb ki, hökumətlərin xarici və
daxili siyasətindəki uğursuzluqların səbəbi bu nifrət altında gizlədilir.
Aşılanan bu nifrətin fonunda hətta siyasi liderlərin belə
danışıqların müsbət nəticə verəcəyinə inanmadıqlarıni ehtimal etmək olar.
Əgər siyasi liderlər münaqişənin yaxın zamanlarda həll olunacağına
inansaydılar, cəmiyyətdə qarşı tərəfə münasibətin dəyişdirilməsi ilə bağlı
müvafiq işlər görülərdi. Ən azından nifrət aşılanmazdı.
Bu prosesdə Ermənistanın itirəcəyi Dağlıq Qarabağ ətrafındakı
rayonlardır, Azərbaycan isə Qarabağın faktiki olaraq müstəqilliyə yaxın statusu
ilə üzləşə bilər. Digər tərəfdən, müzakirə edilən sülh sazişində kimin xeyrinə
hansı əlavə bəndlər olduğu barədə də ictimaiyyətin məlumatı yoxdur.
Bu gün müzakirə edilə biləcək variantlardan biri də "ərazi hər
iki dövlətin bərabər istifadəsinə verilir" modelidir. Bəlkə də elə bu
baxımdan, müəyyən pozitiv mesajlar verilir, amma bu o demək deyil ki, mesajlar
ciddi nəticələrin olacağı ehtimalını, ümidlərini yaratmalıdır. Bu, daha çox
təhlükəli vəziyyətdən bir addım geri çəkilməkdir. İndiki geosiyasi vəziyyətdə
Bakı da, İrəvan da başa düşür ki, gərginliyin artması hərbi əməliyyatların
təhrikinə gətirər. Bu isə hər iki tərəfə ağır nəticələr verər. Yəni tərəfləri
sülhə məcbur etmək hərəkətləri ola bilər. Belə bir şəraitdə qlobal
qarşıdurmanın nəticələri məlum olmamış Azərbaycan və Ermənistan böyük güclərin
birinin regionu tamamilə nəzarətə almasında maraqlı deyil. Münaqişə tərəflərini
tam qane edəcək model də hələ ki mövcud deyil...