понедельник, 11 февраля 2019 г.

Müxalifətin sistemsiz mübarizəsi: Bu düşərgənin təmsilçiləri niyə tənqidlərə təhqir və təhdidlərlə cavab verir? – Səbəblər



İlk bloq yazısına bu qədər reaksiya veriləcəyini, bu qədər paylaşma və oxunuş sayı olacağını təsəvvür eləmirdim. Oxucu baxımından heç vaxt problem yaşamamışam. Lakin bir bloq yazısı, özü də ilk bloq yazısı üçün fantastik sayıla biləcək baxış sayı və paylaşımlardan məmmun qalmaya bilməzdim.

Hakimiyyəti sərt tənqid tonunda yazılan təhlilin iqtidarda ciddi narazılıqla qarşılandığı barədə məlumatlı idim. Lakin nə təhdid, nə təhqirlə üzləşmədim. Bu dəfə də özünü demokratiya carçısı adlandıran bəzi müxalifət rəhbərləyinin “daşqalağından” xilas olmaq imkanı olmadı. Bir cümlə - “nimdaş geyimli etirazçıların əllərində milyonları olan və müxalifətə transfer edənlərdən daha zəif olduğunu” açıqlamam aparıcı partiya sədrlərinin müavinlərini qəzəbləndirdi. Bu düşüncə sahiblərinin hakimiyyətə gəlməsinin hansı fəsadlar verəcəyini düşünmək belə qorxuludur.

İllər öncə “Azadlıq” radiostansiyasının canlı efirində qonaq idim. FM dalğası ilə yayımlanan efirdə ölkə rəhbərindən tutmuş, nazirlərə qədər iqtidarı sərt tənqid elədim və onların vəzifələrindən getməsini arzuladığımı bildirdim. İki saat bu barədə danışdıqdan sonra cəmi 5 dəqiqə, “Müxalifət partiyalarının sədrləri də dəyişməlidir. Demokratiya uğrunda mübarizə aparan təşkilat özündən başlamalı və tam demokratik sədr seçkisi keçirməlidir. İllər boyunca eyni şəxsin sədr postunda əyləşməsi demokratik deyil”, mövzusunda danışdım. Veriliş bitən kimi tanınmış müxalifət liderindən mesaj aldım: “Sənin satıldığını eşitmişdim, indi özüm şahidi oldum”.

Prezidentdən tutmuş, bütün nazir və məmurları istefaya çağıran bir şərhçi rahat metro ilə evinə qayıdır və ona söz deyən olmur, lakin “müxalifət partiyaları yeni sədr seçməlidir” fikrinə görə dərhal təhdidlə üzləşir? Kimdir daha zalım?
Ritorik sualdır. Bir siyasi şərhçi üçün şəxslər deyil, tendensiyalar maraqlıdır. Bu baxımdan, bu dəfə iqtidarı deyil, müxalifətin fəaliyyətini təhlil etməyə çalışacağam.

Müxalifətin sistemsiz mübarizəsi

Son mitinq müxalifəti ruhlandırdı. Bir neçə min etirazçının (lap olsun özlərinin dediyi kimi 20 min) aksiyası ölkəni dəyişməyə qadirdimi? Məsələ ondadır ki, müxalifət yalnız ara-sıra mitinqlər keçirməklə işini yekunlaşdırır. Etiraz aksiyalarının məzmununda da müəyyən dəyişikliklər olmalı, konkret hədəflər müəyyən edilməlidir.
Aksiyaların şüarları müxalifətin istəyini açıq şəkildə ifadə etməlidir. Müxalifət isə yalnız tənqid etməklə işini bitmiş hesab edir. Bu gün müxalifət sistemli mübarizə apara bilmir.


Sistemli mübarizə nədir?

Mövsümi mitinqlər keçirtmək? Bəyanatlar vermək? Beynəlxalq əlaqələr bu, yaxud digər səbəbdən iflasa uğrayırsa, kimi müqəssir kim bilinməlidir? Digər bir səbəb onunla bağlıdır ki, ictimai rəy daha çox xaricdən asılı olub.
Qərbdən hər hansı impuls olmadan cəmiyyətimizdə siyasi fəallıq dinamikası yüksəlməyib. Ona görə indiki halda dünyanın diqqəti əsasən Rusiya ilə Qərb arasında gedən proseslərə yönəldiyindən, Azərbaycan bir qədər proseslərdən kənarda qalıb.

Araşdırmaçılar əmindirlər ki, durğunluğun səbəbini müxalifətin özündə və etdiyi, təkrarladığı səhvlərdə axtarmaq lazımdır. Bu, onunla bağlıdır ki, Azərbaycan siyasətçiləri proses yaratmaq gücündə deyillər, əksinə, prosesin ardınca sürünmək yolunu seçiblər.

Azərbaycan müxalifəti və siyasətçiləri gözləyirlər ki, Ukrayna, Krım hadisələrinin sonu necə qurtaracaq, qonşu ölkədəki seçkilərin Azərbaycana hansı təsiri olacaq və bunun fonunda yaradılan siyasi proseslərə qoşulacaqlar. Onların özünün proses yaratmaq gücü və intellektual səviyyələri yetərincə deyil. Əgər olsaydı, Venesuladakı çevrilişin Azərbaycana bağlılığını bəyan etməzdilər.

Ölkə rəhbərinin gedişləri

Son gedişləri ilə ölkə rəhbəri gündəmi müəyyən edə bildi. Az qala hər bir vətəndaşla görüşə can atdı. Hakimiyyətdən narazı olan bir təhlilçi olmağıma baxmayaraq, belə texnologiyaları dəstəkləməmək mümkün deyil. İlk gedişi edən uğura yaxın olur.

Mitinqdən sonra iqtidar opponentləri ruhlanmışdı. Belə vəziyyətdə gündəmi müxalifət yaratmalı idi. Sosial şəbəkələrdə mitinqin məqsədləri deyil, hansı partiyanın daha çox iştirakçı ilə təmsil olunması müzakirə edildi.
Müzakirələr qarşılıqlı təhqirlərlə əvəzləndi. Müxalifət düşərgəsində cərəyan edən proseslər, qarşıdurma və intriqalar iqtidara gedən yolu daha da uzaqlaşdırır. Müxalifət düşərgəsinin gündəmini daxili çəkişmələr və qarşılıqlı ittihamlar tutur. Görünən budur ki, müxalifətin ölkədəki vəziyyəti dəyişməklə bağlı konkret planı belə mövcud deyil. Prosesləri dəyişmək gücündə olan xalq isə ümumiyyətlə siyasi proseslərdən uzaqlaşıb. Müxalifət ona yuxarıdan təqdim olunan məsələləri müzakirə etmək zorundadır. Və ictimai rəyin, gündəmin sadəcə iqtidardan asılı vəziyyətdə qalması ilə barışıb. Gündəmlə bağlı müxalifətin "ev tapşırığı" mövcud deyil.
İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladıqda, hakimiyyətin planları işə düşür və iqtidar diqqəti problemlərdən uzaqlaşdıra bilir. Müxalifət isə sosial şəbəkələrdə öz liderinin statusuna “layk” yığmaqla başını qatır.

Burada bir məsələni xüsusilə vurğulamaq lazım gəlir: gündəmi sosial şəbəkələr yaratmır, mətbuat dəyişmir. KİV ictimai rəyə təqdim olunan məsələləri, sadəcə olaraq, işıqlandırır. Əgər müxalifət ölkə gündəminə yeni məsələlər daxil edə biləcəksə, mətbuat həmin məsələni diqqətdə saxlayacaq. Gündəm yaratmaq, yeni və önəmli proseslərə təkan vermək ölkə siyasətçilərinin potensialı daxilində deyil. Müxalifət düşərgəsi çox zaman özü də bilmədən (bəzən bilərəkdən) iqtidarın diktəsi ilə fəaliyyət göstərir. İctimai rəyi və gündəmi iqtidardan asılı vəziyyətdə saxlamaq isə müxalifəti az qala iflic vəziyyətində saxlayır. Müxalifət yalnız müdafiədə oynamağa üstünlük verir. İqtidar isə malik olduğu resurslardan bəhrələnərək, istənilən an hücuma keçməyi bacarır. İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladıqda, iqtidar müxalifət üzərinə hücum təşkil edir, opponentlərini bir-birinə çirkab yağdırmağa vadar edə bilir.

Bir sözlə, gündəmi iqtidar müəyyən edir, hansı məsələlərin müzakirəyə çıxarılmasını ictimai rəyə özü təlqin edir. Müxalifət isə yalnız və yalnız ona təqdim olunan gündəmi dəyərləndirməklə mövqelərini qorumağa cəhd göstərir. İqtidar müxalifətdəki rəqiblərinə qarşı nisbətən yeni, lakin sınaqdan çıxarılmış metodlardan istifadə edir.

Eyni siyasi qüvvələri uzun müddət basqıya məruz qoymaqla, onlara əlavə dividend qazandırmaq istəməyən hakimiyyət, artıq onları unutdurmağa və yaxud, yalnız bir-birləri ilə didişən qruplar kimi təqdim etməyə çalışır. İqtidar müxalifəti belə bir simada ictimai rəyə təqdim etməyə nail olur. Müxalifət isə təşəbbüsü ələ almaq əvəzinə, nəyisə və yaxud kimisə gözləyir. Belə kurs artıq 30 ildir davam edir. Ən acınacaqlısı odur ki, mübarizənin strategiyası müəyyən edilməyib. Hətta taktiki addımlar da bilinmir. Bir-birini söyməkdə, təhqir etməkdə, gözdən salmaqda usta olan müxalifətçilər, iqtidarın ideoloji bazasına ağır zərbələr endirməkdə acizlik nümayiş etdirirlər.

Texnoloqsuz, analitiksiz idarə olunan siyasi qurumların problemlərə konseptual yanaşması gözə dəymir. Bir-biriləri ilə savaşaraq, siyasi fəaliyyətin imitasiyası ilə məşğul olurlar. Müxlaifət dialoqa da hazır deyil. “İlham Əliyevi prezident kimi tanımıram” bəyanatının ardınca arxa baxçadan hakimiyyətlə danışıqlara səy göstərir. Belə qüvvəni kim ciddi qəbul edə bilər ki?

Qərb müxalifəti niyə unutdu?

Qərb illər boyunca müxtəlif fondlar vasitəsilə müxalifətə maliyyə ayırıb. Həmin pullar, Gürcüstandan fərqli olaraq, vətəndaş cəmiyyətinin inkişafına deyil, bir neçə liderin varlanmasına sərf edilib. Buna görə də Qərbin müxalifətə maliyyə yardımı etməsi xeyli zəifləyib. Müxlaifətin Rusiya ilə bağlı layihələrdə iştirakı da Qərbi düşünməyə vadar edib. Ən önəmlisi isə odur ki, Azərbaycanda yeni maliyyə və əmlak bölgüsü olması ehtimalıdır.

Ukraynada müxalifətin önəmli simaları böyük sərvətə sahib olan oliqarxlar idi. Savaş daha çox oliqarxlar arasında gedirdi. Azərbaycanda isə bu mübarizə “qullar və ağalar” arasında aparılır. Məhz bu baxımdan, müxalifətə keçmiş məmurların keçməsi diqqətdən qaça bilməz. Bu sadə həqiqəti anlaya bilməyən partiya sədrinin müavini ilə isə opponentlik etmək “Sizif əməyi” olardı.

Azərbaycanda mövcud siyasi qüvvənin iqtidardan salınması 100 milyarda yaxın bir vəsaitin, nəzarətdən çıxması deməkdir. Bu pullar istənilən sabotajı törətməyə kifayət edir. Bu pulların müsadirəsi üçün mexanizm yoxdur. Buna yalnız inqilab yolu ilə nail olmaq mümkündür. Qərb isə Azərbaycanda inqilab istəmir. Qərb yumşaq keçid arzulayır və bu baxımdan, müxalifət öz şansını düzgün dəyərləndirməlidir.

Radikal kütlənin yeni lider tələbi

Son mitinq zamanı tribunada olan liderlərin adları az səslənirdi. Kütlə yeni liderə ehtiyac olduğunu açıq nümayiş etdirirdi. Bütövlükdə siyasi müstəvidə vəziyyət eynidir. Bu dairələrdən kənarda yüz minlərlə, milyonlarla insan var ki, onlar tamamilə fərqli düşünürlər. Həmin kəsim nə iqtidarın, nə müxalifətin, nə də ki özünü yeni siyasi qüvvə kimi təqdim etmək istəyən gənclərin fikirlərini bölüşür və onları müdafiə edir. Bu baxımdan, müxalifətin özünü yeganə alternativ kimi təqdim etməsi də spekulyasiyadan başqa bir nəsnə deyil. Əsas problem həm də odur ki, ortada böyük ideyalar da yoxdur. Yaşayışından narazı qalan, lakin nə etmək lazım olduğunu bilməyən insanlara yeni impulslar lazımdır. Müxalifətdə siyasi düzəni, münasibətlər sistemini tamamilə dəyişəcək ideya generatorları gözə dəymir. Prinsip etibarilə, siyasi təşkilatlar bir medalın əks tərəfinə bənzəyir. 

Liderlərin bütləşdirilməsi, onların dediklərinin doqmalar kimi qəbul edilməsi, dürüstlük dərəcəsinin aşağı olması qapalı dairədən kənarda qalan milyonlarla insana siyasi elita ilə əks elita arasında heç bir fərqin olmadığı fikrini aşılayır.

Elə problemlərin kökündə də bu məsələ dayanır. İnsanlar kimin ardınca və hansı səbəbə getmək lazım olduğunu anlaya bilmirlər. Ortada böyük ideyalar və onları həyata keçirəcək şəxsiyyətlər gözə dəymir. Azərbaycanda fədakarlıqla mübarizə aparan qüvvələrin özləri də sabah nə baş verəcəyini hesablaya, gündəm yarada, prosesləri arxalarınca apara bilmirlər. Ən yaxşı halda, onlar kortəbii şəkildə inqilabi situasiyanın yetişəcəyi, xalqın ayağa qalxacağı və meydanlarda liderlərin adlarını səsləndirəcəkləri günü gözləyirlər. Bu isə artıq siyasətşünaslıqdan kənar elmlərin qiymət verə biləcəyi davranışlar qaydasıdır.

Azərbaycanda Con Stüart kimi liberal ideoloqlar da yoxdur, Lenin kimi inqilabçılar da. Bir sözlə, proseslər öz axarına buraxılıb. Etirazçı təbəqə qapalı dairədə oturub, "əcəl zənginin" çalınmasını gözləyir. Bu həqiqətləri təhlil etmək və çıxış yolları axtarmaq əvəzinə, jurnalist və şərhçilərdən kölə sədaqəti tələb etmək yersizdir...

Azər RƏŞİDOĞLU

Комментариев нет:

Отправить комментарий

Примечание. Отправлять комментарии могут только участники этого блога.

ƏLİ İNSANOV NƏ İSTƏYİR?

Möcüzə baş vermədi. Son aylar ərzində özünü qabarıq şəkildə büruzə verən yeni siyasi kursun davamı olaraq əfv sərəncamı imzalandı. Son il...