Prezident
İlham Əliyevin son addımları siyasi transformasiyadan xəbər verir. Ölkə rəhbərinin
istər siyasi məhbus Mehman Hüseynovla bağlı verdiyi qərar, istərsə şəhid ailələrinin
problemini həll etməsi, istərsə də gənclərlə görüşü zamanı verdiyi bəyanatlar əslində,
yeni paradiqmaların açıqlanması təsiri bağışlayırdı. Ölkədə ciddi proseslər baş
verir. Proseslərin sonrakı taleyi kataklizmlər, yoxsa yumşaq keçid
anlayışlarından hansına üstünlük veriləcəyini göstərəcək.
Müxalifət
güclənirmi?
Müxalifətin son mitinqi düşünmək üçün əsas
verir. Son illər ərzində ilk dəfə idi ki, etiraz aksiyalarına bu qədər çox
insan toplaşırdı. Maraqlı nüans ondan ibarət idi ki, mitinq iştirakçıları
sırasında yeni şəxsləri də görmək mümkün idi. Bunlar simalarından məzlumluq
yağan və nimdaş geyimləri ilə diqqəti cəlb edən lümpenlər deyildi. İlk baxışdan
görünürdü ki, düşüncə və yaşam tərzinə görə ənənəvi protest elektoratından fərqlənən
yeni bir cameə də etirazlara qoşulur. Nisbətən dəbli geyimləri və çəkdikləri
bahalı siqaretləri ilə prosesləri kənardan müşahidə etməyi sevən “yeni
etirazçılar” ekspertlərin diqqətini cəlb etməyə bilməzdi.
Mitinq xüsusi bir dəyişikliyə nail
olmadan başladığı kimi də bitdi. İllər boyunca dəyişməyən liderlər və onların ənənəvi
radikalizmə köklənmiş çıxışları artıq kütləni ekstaza gətirmir. Mitinq
yekunlaşdı. Şərti olaraq “köhnələr” adlandırğımız etirazçılar yumruqlarını
havada silkələyərəq, qəzəblə “istefa”, “rədd olsun”, “ar olsun” şüarları səsləndirərək,
avtobus dayanacağına yollandılar. Gözlərində ümid işıqları olmasa da, avtobusa
minmək şanslarının az olmadığını dərk edirdilər. Bu arada mitinqə yeni qoşulan
“keyfiyyət dəyişikliyinin nümunəsi” olan təbəqə bahalı maşınlarına əyləşərək,
incik şəkildə hər kəsi seyr edirdilər. Sanki bütün baş verənlər 1988-ci ilin
fevral və noyabr –dekabr mitinqlərini xatırladırdı. O zamanın 20 yaşlı tələbəsi
olaraq, ilk dəfə idi ki, bəzilərinin pıçıltı ilə söylədiyi “mafiya”, “klan”,
“Heydər Əliyevin barmağı” sözlərini eşitmək anlaşılmaz idi. Lakin həmin mitinqlərdə
də ara –sıra gözə dəyən bahalı geyimli insanlar peyda olurdu.
Deyəsən, bu dəfə də tarix təkrar olunur.
“Nə baş verir” sualına cavab axtarışı ilə sosial şəbəkələri ələk-vələk eləmək də
müsbət nəticə vermədi. “Bu rejim çökməlidir və çökəcək”, “getməlidir və gedəcək”
kimi eyforik və bolşevik şüarlarının hayqırtısından başqa bir nəsnəyə rast gəlmək
imkansız idi. Hələ tələbə vaxtında Qustav Le Bonun “Xalqlar və kütlə
psixologiyası” əsərini az qala əzbərləmiş biri kimi diqqətimi torlların devizləri
deyil, onların əsl müəlliflərinin sevinci çəkirdi. “Nə baş verir?” sualı yenidən
maraq cəlb edirdi.
Müxalifət yenidən etiraz aksiyası keçirməkdə
israrlı idi. Anlaşılmayan çox nəsnələr var idi. Məsələn, keçmiş siyasi məhbus,
tamamilə yeni protest elektoratı uğrunda savaşan İlqar Məmmədovun keçmiş daxili
işlər naziri İsgəndər Həmidovla eyni tribunanı paylaşması nonsens idi.
Məmmədov “Hollivud təbəssümü” ilə
fotoqraflara poz verməyə çalışırdı. Lakin gözlərinin ifadəsi onun tribunaya az
qala məcburən qalxdığı əminliyi yaradırdı. “Ağ yaxalıqlı” cənab Məmmədov
lümpenlərin lideri ilə birlikdə şəkil çəkdirdiyindən narazı görünürdü. “Onu kim
və hansı səbəbə mitinqə gəlməyə vadar etmişdi?” sualı isə açıq qalır.
Prosesə
general müdaxilə edir
Bu arada siyasi elitanın narahatlılığı
göz önündə idi. Bunu hər kəs sezirdi. Görünən bu idi ki, yeni siyasi elita belə
eksterimal vəziyyətlərə və fors-majora hazır deyil. “Köhnə qvardiya” isə artıq
xeyli dərəcədə zərərsizləşdirilmişdi. Avropada peyda olan və “kaset, çəkiliş”
deyə, bağıran “söyüş müxalifəti”nin bu qədər rahat fəaliyyət göstərməsi də
“köhnə qvardiya”nın zəifləməsinin göstəricisi idi. Artıq bu illər ərzində “əzələ
nümayişi” ilə “cızığından çıxanları” cəzalandıranlar siyasi və biznes sahəsindən
silinmiş, siyasi və ideoloji iş aparanlar, mübaliğəli desək, “ev dustağı”na
çevrilmişdi.
Bir sözlə, siyasi elita təklənmiş, illərlə
xərc çəkilib məmur kimi yetişdirilənlər sıradan çıxarılmışdı. Bu baxımdan,
onların bir qisminin ailələri ilə birilkdə mitinqlərə qoşulması gözlənilən idi.
Makiavellini mütailə edənlər bunun altqatlarını daha yaxşı dərk edə bilərlər.
Proses artan xətt üzrə inkişaf edirdi. Bahalı kostyumlu və yeni dəbə uyğun
qaltstuk taxan yeni siyasi elita isə az qala vahimə içərisində yeni mitinq
dalğasını gözləyir və Mehman Hüseynova qarşı qaldırılan cinayət işinin və
istintaqın nəyə lazım olduğunu dərk etməyə çalışırdı. Bir sözlə, vəziyyət
kritik idi. Əsl Heydər Əliyev gedişlərinin meydanı idi və yeni siyasi elitan
ilk dəfə idi ki, vəziyyətdən çıxış yolunun bu qədər çətin olduğunun fərqinə
vardı.
İlham Əliyev özü də 2003-cü ildən
başlayaraq, ilk dəfə idi ki, bu qədər çətin vəziyyətlə üzləşmişdi. Ümid yenə də
“köhnələrə” qalırdı. Və.... Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis
general-mayoru Mirqafar Seyidov mətbuatdan prezidentin rəqiblərinə barmaq silkələdi
“mitinqlər yolverilməzdir, sabitliyi qorumağa gücümüz yetər”.
Şərur rayonunda anadan olan
general-mayor sinəsini önə verdi. Mesaj anlaşıldı. Bir qədər sonra Bakının yeni
meri, “naxçıvanlıların qatı düşməni” imicinin sahibi Eldar Əzizov öncədən
razılaşdığı yeni mitinqə “yox” dedi. Bəlli idi ki, burada söhbət yalnız
naxçıvanlıların zədələnmiş maraqlarından deyil, ölkənin birinci şəxsinin siyasi
karyerasından gedir. Naxçıvanlıların incidilməsi bir vaxtlar ölkədə ciddi proseslərə
səbəb olmuşdu. Bunu hər kəs anlayırdı. Gənclərlə görüş zamanı İlham Əliyev
"Azərbaycanın müstəqlillik tarixində Naxçıvan amili”ni qabartdı və bunun
ardınca siyasi proseslərin mətbəxtdə bişməsində “birinci skripka” rolunu
oynayan Əli Həsənov dövlət telekanalına müsahibə verdi...
Yeni
media patronları və mətbuatın xaotik vəziyyəti...
Bu maraqlı məqam idi. Ə. Həsənovun mətbuata
nəzarətinin məhdudlaşdırılması ilə bu sahəyə yad oyunçular qoşulmağa başladı.
Neft sektorundan tutmuş, müstəntiqlərə qədər az qala hər kəs, “puluna minnət”
prinsipi ilə yeni media formalaşdırmağa başladı. Media sahəsində qısa zamanda
elə bir xaos formalaşdı ki, artıq siyasi hakimiyyətin mərkəzdənqaçma
tendensiyasından əziyyət çəkdiyi bəlli idi. Əslində, hədəf kimi ölkə başçısı seçilmişdi.
İlham Əliyevlə oliqarxların düşmən edilməsindən sonra, FHN və digər
strukturlarlrın dağıdılması ilə bu strukturları “ana vətənləri” hesab edən məmurlar
regional amili nəzərə almayan prezidentə qarşı qoyuldu. Məqsəd hakimiyyət
olduqda, kiçik maneələr aradan qaldırılmalı idi və iqtidar kölgə sevmədiyindən
böyük maneələr də yox edilməli idi. Bu baxımdan, güc nazirliklərinin başında
kimin duracağı da çox önəmlidir. Rabitə, vergi, təhsil, maliyyə və digər sahələrə
nəzarət edən “ikinci hakim ailə” inamla hakimiyyət olimpini fəth etməyə
başladı. Siyasi partiya, QHT və mətbuatı da nəzarətə götürən yeni siyasi elita
son günlər üzləşdiyi ciddi sınaqlarla hakimiyyətə hazır olmadıqlarının fərqində
oldu. Bütün bu sadalanlar bu günün mənzərəsidir.
Prezidentə kim xəyanət edib?
Hətta adi baxışla nəzər etdikdə bəlli
olur ki, prezident öz kadrlarının müdhiş xəyanəti ilə üzləşib. Onun hakimiyyətinə
uzun illər qoruduğu və çətinliklə yetişdirdiyi insanlar tərəfindən təhlükə
yaranıb. Prinsipcə, hakimiyyət uğrunda mübarizənin ən həlledici mərhələyə keçməsi
sirr deyil. Əslində, bütün bu savaşlar 2008-ci ildə başlamışdı. Lakin heç kəs
olaya MTN və Qərb kəşfiyyatının qoşula biləcəyini ağlından belə keçirmirdi. Deməli,
ölkədə Putin-Medvedev modeli deyil, tamamilə başqa ssenari həyata keçirilməli
imiş.
Bir sözlə, ölkədə yeni siyasi mərhələ və
yeni lider formalaşdırılmalı idi. Lakin... Bu dəfə də “Heydər Əliyev dərin dövləti”
vəziyyəti dəyişdi... Sevil Əliyevanın birinci ledi ölkədə olmadığı bir zamanda
Bakıya müəmmalarla dolu səfər etməsi və cəmiyyətə ailəsi, sevimli və yeganə
qardaşı, mərhum atası, anası barədə ciddi mesajlar verməsi də ciddi göstərici
idi. Oyun başlamışdı. Ailənin, klanın maraqları zərbə altında idi. Qarşıdan isə
parlament seçkiləri gəlirdi və qanunverici orqanın da nəzarətdən çıxması
“Olimpin fəthi” ssenarisini yekunlaşdıra bilərdi. Sevil Əliyeva buna seyrçi
qala bilməzdi. Onun Bakıya səfəri zamanı çantasında hansı materialların olması
barədə isə yalnız ehtimallar irəli sürmək olar. İstənilən halda qan qohumluğu və
“heç zaman ailənin maraqlarına qarşı getmə” dərsi H. Əliyevin sevimli qızını bu
mərhələdə qardaşı ilə çiyin-çiyinə dayanmağa sövq edirdi. Lakin görünən budur
ki, İlham Əliyev “Qordi düyünü”ndən dəfələrlə çətin olan bir tilsimi
sındırmalı, törəmə vermiş xərçəng xəstəliyini cərrahi müdaxilə ilə kəsib atmalı
imiş.
Daha çox cavab axtarılan sual isə sabiq
MTN şefi Eldar Mahmudovla bağlı olaylar idi. Rabitə, hava limanı, maliyyə-bank
sektoru, MTN, parlament, nüfuzlu telekanalların nəzarətə alınması və ölkə rəhbərinin
istefaya vadar edilməsi planının mövcudluğu ilə yanaşı, ölkənin birinci şəxsinin
həyatının belə təhlükədə ola bilməsi barədə düşünmək lazım gəlir. Bütün bunlar
sadəcə versiyalardır və ola bilər ki, gerçəkliyi əks etdirmir. Əgər belədirsə,
deməli, E. Mahmudov özü də bu oyunda sadə icraçı imiş və aysberqin görünməyən tərəfində
daha güclü oyunçular dayanırmış.
Bir sözlə, İlham Əliyevin növbəti dəfə
öz komandasının xəyanəti ilə üzləşdiyi göz önündədir. Vəziyyəti dəyişmək lazım
gəlir. Son zamanlar incik düşmüş “Heydər Əliyev ordusu”nun ölkənin birinci şəxsinin
ətrafında birləşdirmək üçün yeni variantlar axtarışında olması da qaçılmaz
görünür. Belə variantlardan biri də Heydər Əliyevin mənəvi varisi kimi qəbul
edilən Sevil Əliyevanın Bakıya qayıdışının təmin edilməsindən keçir. Lakin
Sevil Əliyeva özünün və ailəsinin gələcəyini qardaşının hakimiyyətinin davam
etməsində görür. Deməli, “Naxçıvan klanı”nın başlıca məqsədi birinci şəxsə
yaxın olmaq uğrundakı savaşdır. Qarşı tərəfin isə artıq özünün lideri
mövcuddur. Əslində, 2013-cü ildə həmin komanda öz lideri ilə seçkilərə getməyi
planlaşdırırdı. Konstitusiya eyni şəxsin yalnız 2 dəfə dalbadal prezident
seçilməsinə imkan verirdi. Lakin 2009-cu ilin 18 martında referendium keçirildi
və İlham Əliyevin növbəti prezidentliyə gedən yolunda əngəl aradan qaldırıldı.
Az keçmiş, referendium təşəbbüskarlarına qarşı ciddi savaş başladı və bunun
mahiyyətinin nə olduğu hələ də tam aydın deyil.
Bu suallara cavab tapmaq üçün bir qədər
öncəyə nəzər etmək lazım gəlir.
2008-ci ilin sonlarında artıq siyasi
hakimiyyətini kifayət qədər möhkəmləndirmiş İlham Əliyev qeyri-adi gediş etdi.
Bu gediş barədə ölkədə olduqca az insan məlumatlıdır və birbaşa məlumatın içində
olan simalar da ona şübhə ilə yanaşırdılar. İlham Əliyev sərəncam imzaladı –
Ramiz Mehdiyev vəzifəsindən azad edildi. “İkinci hakim ailə” sevinc göz yaşları
içərisində idilər. Onların hesablamalarına görə, 2013-ci ildə ölkənin yeni
prezidentin ata soyadı fərqli olacaqdı. Lakin... “Azərbaycanın Rişelyesi” ölkənin
birinci şəxsinə bir telefon zəngi etdi və... İlham Əliyevin imzaladığı sərəncam
ictimaiyyətə təqdim edilmədi.
İlham
Əliyevə ad günü hədiyyəsi
2008-ci il 24 dekabrda
Ramiz Mehdiyev prezidentə ad günü hədiyyəsi etdi və onun təklifi ilə parlament
2009-cu il 18 marta referendum təyin edildi və eyni şəxsin prezident seçkilərində
iştrakına olan məhdudiyyət ləğv edildi. İlham Əliyev hakimiyyətdə qaldı. Daxili
və xarici təhdidlərin öhdəsindən gələ bildi. Əslində, “Naxçıvan klanı” İlham
Əliyevə ilk böyük dəstəyi 2003-cü ildə vermişdi. O zaman beynəlxalq dəstək də tərəddüd
içində idi. Heydər Əliyevin Gülhanə xəstəxanasından Rusiya təyyarəsi ilə ABŞ-a
aparılması gələcək hakimiyyətin taleyini faktiki olaraq həll etmişdi, amma
hakim komanda artıq müxalifətə keçməyi planlaşdırdığı bir zamanda klan prosesə
müdaxilə etdi və ata Əliyevin komandasını oğul Əliyevin çətiri altında toplaya
bildi. Hakim komandanın avtoritar lideri Heydər Əliyevin dünyasını dəyişməsi ilə
iqtidar çaşğınlıq içində idi. Xarici simpatiya da müxalifətin tərəfində idi.
Heç də təsadüfi deyil ki, yüksək ranqlı məmurlar Müsavatın o zamankı başqanı
İsa Qəmbərə “cənab prezidentim” deyə müracət edir və özlərini əliyevşina
qurbanları adlandırırdılar.
Növbəti 5 ildə, 2008-ci ilə qədər
“Naxçıvan klanı” müxalifəti və tənqidçi medianı, o cümlədən iqtidardakı rəqiblərini
sıradan çıxardı və oğul Əliyevin ikinci prezidentliyinə gedən yolda əngəl
qalmadı. Hakimiyyətdaxili savaş bundan sonra güclənməyə başladı.
İndi də bir çox suallar cavabsız qalır.
2009-cu ilin 18 mart referendumunun təşəbbüskarlarına qarşı aparılan savaşın
mahiyyəti nə idi? Avropa Oyunları ərəfəsində Bakıda binanı kim və niyə
yandırdı? “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu kim və niyə qətl
etdi? ADNA-dakı terrorun əsl mahiyyəti nə idi və terrorçunun hadisə yerində qətlə
yetirilməsi kimlərə sərf edirdi? General Rail Rzayev qətlini kim sifariş
vermişdi? Bu gün kimlər “Naxçıvan klanı”nı hədəf seçir?
Azərbaycan hakimiyyətinə xarici və
daxili təzyiqlərin artdığı bir zamanda, iqtidarın ən önəmli simalarının da
savaş baltalarını havada yelləməsi, artıq bu savaşın ölüm-dirim məsəlinə çevrildiyinin
göstəricisi kimi dəyərləndirilə bilər.
Bu gün hakimiyyət birinci vitse -
prezidentin əlində cəmləşir və Əliyevin ətrafında olan oliqarxiya zəifləyir.
Prezidentin imicinin sarsılmasının başlıca səbəbkarı olan “köhnə qvardiya” nı əvəz
edən yeni siyasi elita ölkədə daha uğursuz mənzərə yaradır. Rabitə, səhiyyə,
metro, təhsil sahələrində rəhbərliyə gətirilmiş yeni klan nümayəndələri
yarıtmaz işləri ilə katalizatorlarının əsas
elementinə çevrilirlər. İctimaiyyəti təngə gətirən naxçıvanizmin yerini
yeni traybalizim doldurur. Yenilərin hakimiyyət dəhlizlərinə daşıdıqları məmurlar
ordusu islahatçılığa meylliyi ilə tanınmır, yeni nazilə qohumluq və “ikinci
hakim ailə”yə sadiqıiq əsas amil kimi nəzərdə tutulur. Bir sözlə əsas hədəf hakimiyyətin
transformasiyasından deyil, iqtidarın bir əldə - “ikinci hakim ailə”nin əlində
cəmləməkdən gedir. Bütün bu amillər bu gün kütləvi aksiyalara, yaxud
saray çevrilişinə səbəb ola biləcək əsas komponentdir.
Azərbaycanda
hakimiyyət dəyişikliyi və Qarabağ münaqişəsi
Bu dəfə söhbət yalnız yeni maliyyə
bölgüsündən getmir, geosiyasi rəğbət də önəmli rol oynayır. Bu dəfə Qarabağ
danışıqlarında hansı komandanın hansı mövqedə olacağı da önəmlidir.
Ermənistanda “Qarabağ klanı” hakimiyyətdən
getdi. Robert Köçaryan da kitabında Heydər Əliyevlə görüşündən yazır və
bildirir ki, Ermənistan və Azərbaycanın mövcud iqtidarı bu problemi həll etmək
gücündə deyil. Ardınca Ermınistanda hakim komanda əks-elita ilə əvəzlənir. Azərbaycan
hakimiyyəti içərisində bir qrup KTMT-yə üzvülüyün mühümlüyünü əsaslandırır və
sülh danışıqlarından bəhs edir, qarşı tərəf isə kompromislərin mümkün
olmadığını bəyan edir. Beləliklə, hakimiyyətdaxili savaş Qarabağa münasibətdə də
tamamilə fərqli müstəvilərə transfer edir. Bu gün Rusiya İranla sərhədyanı rayonların
qaytarılmasına nail olmaq üçün ermənilərə təzyiq göstərir. Plana görə, Ermənistan
İranla sərhəddəki rayonları boşaldır, əvəzində rəsmi Bakı bu rayonlara güclü
maliyyə qoymaqla yanaşı sovet dövründə işləmiş Bakı-Noraşen (xəttin adının necə
olacağı önəmli deyil) dəmir yolunu işə salır, Rusiyadan gələn yüklər quru vasitəsi
ilə Ermənistana çatdırılır. Dağlıq Qarabağın statusunun adıçəkilən prinsiplərə
uyğun olaraq müzakirəsi isə 15-20 il sonraya saxlanılır.
Rəsmi
Bakı isə 30 ildən bəri daşlaşmış münaqişənin həllinə başlamaqla yanaşı, cəmiyyətə
daha bir mesaj verir: Bakı-Noraşen dəmir yolunun işə düşməsi həm də Naxçıvanın
blokadadan çıxarılması deməkdir.
Gözlənilən dəyişikliklər regionda qlobal
təlatümlərə səbəb ola bilər. Belə olan anda həm Rusiya, həm də Qərbə İran sərhəddində
stabillik lazımdır. Qərb onsuz da anlayır ki, İrana qarşı müharibə ssenarisi
olsa belə, bu hücum Azərbaycan ərazisindən olmayacaq. Amma İrana hücum zamanı
milyonlarla insanın Azərbaycan sərhədlərini keçməsi realdır ki, bu da Bakını
ciddi problemlərlə üzləşdirə bilər.
Bir sözlə, yeni siyasi elita Qarabağ və
İranla sərhəd məsələsində tamamilə fərqli mövqe sərgiləyir. Bütün bunlar onu
deməyə əsas verir ki, hakimiyyət dəhlizlərində baş verənlər yalnız
dünyagörüşünün və mədəniyyətlərin toqquşması deyil, Azərbaycanın gələcəyi ilə bağlı konseptual
fikir ayrılığıdır. Heydər Əliyevin zamanında imzalamaqdan imtina etdiyi
“Qarabağ planı”nı bu gün “ikinci hakim ailə” imzalamağa hazır olduğunu nümayiş
etdirir. Bir sözlə, yeni siyasi elitanın formalaşdırılması cəhdləri ölkə
başçısına xaricdən və daxildən ciddi təhdid yaradır. Heydər Əliyevin oğluna
Qarabağla bağlı kompromislərə imza atmaq xeyli çətindir, yeni siyasi elita isə
daha çox kosmopolit dünyagörüşünə malikdir və yeni klan “Qarabağ yükü”ndən
xilas olmaq istəyir.
Şübhə yoxdur ki, hakimiyyət dəhlizlərindəki
savaşı dərinləşdirənlər bütün bu proseslərin mərkəzi hakimiyyəti laxlatdığını
gözəl dərk edirlər.
Problem
hakim elitadan prezidentliyə növbəti namizədin kim olacağın ilə bağlıdır. Bu
suala xarici güc mərkəzləri də cavab axtarır. Ən azı İranla sərhədə kimin nəzarət
edəcəyi onlar üçün də önəmlidir. Bu amillər isə onu deməyə əsas verir ki, İlham
Əliyevin dördüncü prezidentliyə gedən yolu o qədər də asan olmayacaq. Mövcud
prezidentin ən əsas rəqibi “Məhsul” stadionuna yığılan 2-3 min nəfər yox, ölkəyə
nəzarəti ələ keçirən və xarici siyasətdə kompromislərə hazır olduğunu bəyan edən
yeni siyasi elitadır…
Azər
RƏŞİDOĞLU
Комментариев нет:
Отправить комментарий
Примечание. Отправлять комментарии могут только участники этого блога.