понедельник, 18 марта 2019 г.

ƏLİ İNSANOV NƏ İSTƏYİR?


Möcüzə baş vermədi. Son aylar ərzində özünü qabarıq şəkildə büruzə verən yeni siyasi kursun davamı olaraq əfv sərəncamı imzalandı. Son illərin ən böyük əfvi kimi səciyyələndirilən bu sərəncamla sabiq nazir Əli İnsanov, NİDA-çılar, dindarlar, AXCP fəalları azad edildi.

Bütün bunların fonunda hər kəsin diqqətini hakimiyyətin əsas rəqibi olan, vaxtilə iqtidar “mətbəxi”nin “baş aşpaz”larından olan cənab İnsanovun azad edilməsi və keçmiş nazirin verdiyi hikkəli və iddialı bəyanatlar çəkdi.
Elə təkcə bu bəyanat kifayət edir ki, ölkədə nəyin baş verdiyinin fərqində olaq. İnsanovu bu qədər özünə inamlı edən nədir?
Hər halda, soyuqqanlılığı ilə tanınan yaşı 70-i keçmiş professor heç bir halda Dəniz Gəzmiş rolunu oynamağa iddialı olmayıb. Nədir onu bu qədər inamlı edən? 14 il həbsdə olmağın formalaşdırdığı emosionallıqmı?
Professor İnsanov Fidel Kastroya da bənzəmir. Həbsdən çıxan kimi verdiyi bəyanatlar da bunu sübuta yetirdi. Bahalı geyimi ilə jurnalistlərə poz verən sabiq nazir olduqca qəzəbli görünürdü.
“İnsanov nə istəyir?” sualına bir qədər sonra cavab verməyə çalışarıq. İndi situasiyanın özünü təhlil etməyə cəhd edək.
2003-cü ildən aparılan siyasi kurs 2019-cu ildə dalana dirəndi. Anlaşıldı ki, artıq belə idarəetmə ilə post-neft dövründə duruş gətirmək mümkün olmayacaq. Əslində, ölkə rəhbərinin narazılığına səbəb olan amil onun ətrafının yaradıcılıq qabiliyyətindən məhrum olması idi. Dünyada cərəyan edən proseslər balans diplomatiyasının zərərini üzə çıxardı. “Neft-qaz siyasəti” sona çatırdı. Qərblə əməkdaşlıq, demokratik açılım zəruri idi. Köhnə təfəkkür və kadrlarla bu müstəvidə uğur əldə etmək də mümkün deyildi.

Ölkənin birinci şəxsi oyuna təkbaşına başladı, komandasını kənara itələyərək, xalqla birbaşa təmasa getdi. Son addımları ilə siyasət üçün mühüm olan “xalqdan biri” imicini formalaşdırmağa cəhd elədi. Prezident gərginliyi azaltmaq, xarici təhdidləri dəf etmək üçün siyasi məhbusları azad etmək qərarına gəldi. Belə məqamda Əli İnsanov kimi bir rəqibi həbsdə çox saxlamağın iqtidarın əleyhinə işləyəcəyini anladığından onu azad etdi.

İlham Əliyevin riskə getdiyini düşünənlər bir nüansı unudurlar. İnsanov böyük iddia ilə mübarizəyə qoşulacaq. Qərbi Azərbaycan qruplaşmasının lideri olan İnsanova hakimiyyətdən incik düşən məmurlar da dəstək verəcək.

İnsanov yalnız Qərbi Azərbaycan qruplaşmasına arxalanmır, eyni zamanda, “Heydər Əliyev dərin dövləti” təmsilçilərinə və narazı qüvvələrin dəstəyinə ümid edir. İnsanovun bir müxalifətçi kimi siyasətə gəlişi “inhisarçı müxalifəti” də sıradan çıxarmağa qadirdi.

İstənilən halda, İnsanovun müxalifətçi kimi mübarizəyə başlaması yeni dəyişikliklər deməkdir. Bu dəyişiklik qarşısında ənənəvi müxalifət və hakimiyyətin “söyüş yazdıran” məmurları tab gətirə bilməyəcək. Burada bir suala cavab axtaraq – İnsanov Milli Şura və ya buna bənzər müxalifətçilərlə eyni təşkilatda uzun müddət fəaliyyət göstərə bilərmi?
Ambisiyalarının böyüklüyü nəticəsində 14 illik həbsə cəzası çəkən İnsanov çətin ki lümpenlərlə bir təşkilatda dayanmağa razı olsun. Onun üçün başlıca dəyər bir əyalət müsavatçısı və yaxud cəbhəçisindən fərqlidir.

Digər amil isə budur ki, bir ziyalı uzun müddət bu düşərgədə duruş gətirə bilmir. Dünya şöhrətli yazar Rüstəm İbrahimbəyov, Azərbaycanın yetişdirdiyi ən nəhəng alim Rafiq Əliyev də vaxtilə bu düşərgəyə böyük həvəslə gəlmişdilər. Lakin fərqli dünyagörüşləri bu iki ziyalını sakitcə getməyə vadar elədi.

Müxalifəti staqnasiya vəziyyətindən vaxtilə hakimiyyət dairələri ilə çox yaxın münasibətdə olan professor Cəmil Həsənlinin gəlişi də xilas edə bilmədi. İnsanov nə İbrahimbəyovdur, nə də ki Rafiq Əliyev. Kobudluğu ilə seçilən İnsanov yeri gələndə “konkret rədd ol” deyə bilir. Yeri gəlmişkən, o zaman “rədd ol” ifadəsi jurnalistə ünvanlansa da, onun əslində kimin ünvanına deyildiyini hər kəs bilirdi. “Rədd ol” İnsananova baha başa oturdu və o, 14 il həbsxana şəraitində yaşamalı oldu.

Bu dəfə də İnsanov mülayim olmayacaq. İnsanov kimi təkəbbürlü bir şəxs, arxasında ciddi resursların dayandığını bilən bir siyasətçi istənilən anda asanlıqla hansısa müxalifətçiyə “rədd ol” deyə bilər. Nəzərə alaq ki, artıq ona dəstəklər gəlməkdədir. Məsələn, Rəsul Quliyev artıq İnsanova dəstək verdiyini açıqlayıb. İnsanova tezliklə Etibar Məmmədovun da dəstək verəcəyi gözlənilir. Hakimiyyətdə olan bəlli qrupu da bu siyahıya əlavə etsək, İnsanovun hikkəsinin boş yerə olmadığı üzə çıxır.

İnsanov bir fərd olaraq, cəsarətli və qətiyyətlidir. Natiqdir. Xarizmalıdır. İnsanları öz təsir dairəsinə salmağı bacarır. Nazir işləyəndə və YAP-ı quranlardan biri olanda da təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu nümayiş etdirdi. Elə korrupsiya piramidasının əsas sütünlarından biri olması da onun şəxsi bacarığından (mənfi bacarıq olsa belə) xəbər verir.

İnsanov həbsdən çıxar-çıxmaz təngənəfəs “Yaşasın Amerika, yaşasın Tramp” deməklə prezidentliyə vahid namizəd iddiasını ortaya qoydu və açıq mesaj verdi – mən heç kəsə qoşulmuram, gəlin mənə qoşulun. Belə bir iddialı, böyük maliyyə resursları olan, xarici dəstəyi olan bir simanın əsas müxalifətçi generalı olmaq şansı ənənəvi müxalifəti qıcıqlandırır və artıq sosial şəbəkələrdə onu linç etməyə başlayıblar. Bu zərbələr İnsanovun başını o dərəcədə qatacaq ki, onun prezidentlik iddiası yavaş-yavaş müxlaifəti söyməklə əvəzlənəcək.

Bəzi məlumatlara görə, İnsanov hələ içəridə olanda bəzi Qərb təmsilçiləri onunla görüşüb və siyasi mübarizəyə başlayarsa, dəstək verəcəyini bildiriblər. Burada bir məqama diqqət yetirək.

Məlumatların təhlili onu deməyə əsas verir ki, yüksək post tutan bəzi məmurlar artıq İnsanova mesajlar göndərməyə, onun bayrağı altına keçməyə hazır olduqlarını bildiriblər.

Əslində, İlham Əliyevin son zamanlar apardığı siyasət həmin məmurların sonunu yaxınlaşdırır. Ehtimal edə bilərik ki, 2003-cü il seçkiləri ərəfəsində İlham Əliyevə xəyanət edənlər bugünkü vəziyyətdə də İnsanovdan çəkinərək, yenə də birinciyə qarşı gizli fəaliyyətə başlayacaqlar. O vaxt müxalifətə maliyyə ayıran şəbəkə bu gün də xaricdəki söyüş ruporlarını maliyyələşdirir.



İki cəbhədə siyasət oynayanlar birincinin bütün addımlarına əngəl törədir və ona ictimai fəallar barədə yanlış məlumat verirlər, əllərindən gələni edirlər ki, demokratik açılım baş tutmasın.

İnsanov mənfi tipajdır. Korrupsiyaya uğrayan, kobud, qaba, qisasçı biridir. Lakin bütün bunlar onun qətiyyətli və dönməz olması fikrini təkzib etmir.
14 illik cəzasını az qala “qanuni oğru” kimi çəkən bir liderin (əşirət başçısı da deyə bilərik) qarşısına prezidentinə, şöbə rəhbərinə xəyanət edən, “söyüş tezislərinin müəllifləri” ilə çıxmaq imkansızdır. Mənasız yazılar müəllifi olan jurnalistlərlə heç mümkün deyil. İnsanovun “Amerika Əkbər, Tramp rəhbər” çağırışı da sıradan məsələ deyil. Lakin probelemlərin taleyini İlham Əliyevin Qərblə hansı məqamda razılaşacağı həll edəcək. Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdır. İlham Əliyev demokratik açılımın ilk addımlarını atdı. Onun struktur və kadr dəyişiklikləri, işgüzar dairələrin, o cümlədən kiçik və orta biznes kimi mühüm komponentin vergi, korrupsiya yükünün azaldılması sahəsində son addımları ümidə səbəb olur.

İctimai rəy də artıq əvvəlki illərdən fərqlənir. Prezident Əliyev əvvəlki metodlarla idarəetmənin mümkün olmadığını başa düşür və çıxış yolları axtarır. Bürokratik aparat buna qaşı çıxır. İlham Əliyevin ilk növbədə həmin aparatı dağıtmaqla məşğul olacağı, “bekarçılıq kontoru” olan YAP-ı kənd klubunun dərnəyinə çevirəcəyi ehtimalı çox böyükdür. Bu baxımdan, yalnız bir təhdid qalır və ölkə başçısı Rusiyadan gələn potensial riskləri azaltmağa çalışır. Bunu da bacararsa, tezliklə yeni parlament seçkilərinin keçiriləcəyi ehtimalı yüksəlir...

Azər RƏŞİDOĞLU

четверг, 14 марта 2019 г.

İlham Əliyevin ən yeni siyasi texnologiyası: “Danışan Azərbaycan Prezidentidir!” – Bu telefon zəngi bir sıravi jurnalistə də gələ bilər


Prezident  İlham Əliyevin son addımları çoxsaylı suallar doğurub. Ölkə başçısı nə etmək istəyir? İslahatlar başladı, yoxsa baş verənlər prezidentin vətəndaşlarla görüşündə fərqli texnologiyanın tətbiqidir? 16 illik prezidentliyi dövründə ilk dəfədir ki, İlham Əliyev xalqla bu dərəcədə yaxından birbaşa təmasa girir.


Bu dəfə icra strukturlarının inzibati resurslarından istifadə etmədən özü sadə vətəndaşların arasına çıxır, onları dinləyir, anındaca reaksiya verir. Nədir bütün bunlar? Demokratik açılım başladı? Nə baş verdi ki, dövlət rəhbəri idarəetmədə bu dərəcədə ciddi dönüşlərə getdi? Yəni, doğrudanmı “Məhsul” stadionunda keçirilən son miitinq hakimiyyət dəhlizlərində bu qədər təşvişə səbəb oldu?

Ciddi bir analitik üçün bu amil ancaq köməkçi element kimi dəyərləndirilə bilər. Deməli, səbəb son etiraz  akksiyası ilə bağlı deyil. İlk öncə “nə baş verir” sualına cavab axtaraq.

Beləliklə...

Prezidentin həyata keçirdiyi siyasi xətt yalnız siyasi texnologiya elementləri deyil, ənənəvi idarətetmə içində seçilən tamailə yeni siyasi kursdur. Yəni, baş verənlər yalnız PR elementləri deyil, yeni yanaşmadır. Kabinetlərdə yuxulu məmurların hazırladığı bayağı kursdan fərqlənən bu yeni siyasi kursun üzə çıxartdığı bir nüans mövcuddur. Artıq prezident və birinci vitse-prezidentin olimpi fəth etmək uğrunda savaşından  heç kəs danışmır. Prezident və Birinci vitse-prezident birlikdə yeni siyasi xətti aparırlar və bu baxımdan erkən prezident seçkiləri ilə bağlı elə həmin mürgüləyən məmurcığazların dövriyyəyə buraxdığı dezinformasiyalar alt-üst oldu. 
Məlumatlara görə, ölkə rəhbərliyi bir- neçə mənbədən təkliflər paketi alır və dəyərləndir.  Yeni ekspertlər “Əli Kərimlinin şəxsi həyatına müdaxilə edin”, “radikal, dağıdıcı müxalifət xalqı qırğına aparır”, “Leyla Yunusun anası ermənidir” kimi tezisləri saytlara, bloqlara, sosial şəbəkələr sırıyan köhnəlmiş ideya müəlliflərindən fərqli olaraq, daha optimal təkliflərlərlə çıxış edirlər. Kreditlərlərlə bağlı qərar, sosial şəbəkələrin izlənilməsi və oradakı təkliflərin dəyərləndirilməsi, telefon zəngi (Rasim Balayev nümunəsi) kimi təkliflərlə çıxış edirlər. Ən təqdirəlayiqi budur ki, rəhbərlik bu təklifləri şəxsən dəyərləndirir və son qərarı özü verir.

Qərb ölkələrinin idarəetməsi modelində ekspertlərə ayrılan rol artıq Azərbaycanda da işləməyə başlayıb. Bütün bu təklifləri verənlər indiyə qədər “söyün, təhqir edin” tezisini verən komanda deyil. Əlbəttə ki, təhqirlərə təhqirlə cavab verilir və heç kəs bu yuxulu məmurcığazları söymür. Bu söyüş siyasətinin nəticəsində ölkə başçısı hədəf seçilir, həmin balaca məmurları yada salan belə olmur.

Bir sözlə, güc dinamikasi islahatci təfəkkürdə olanlarin lehinə dəyişməkdədir. Bu isə “qara kassaya” nəzarət edən “müxalifətdəkilər mavidir” yazdıran köhnə zehniyyatın sonunu gətirir. Deməli, prezident və birinci vitse-prezidentin apardığı xəttə qarşı onların müqaviməti olacaq. Lakin kim müqavimət göstərəcək? Trollar ordusu, yoxsa təhqirlər yazan jurnalistlər? Özünə hörmət edən qələm sahiblərinin heç biri “müxalifət liderləri mavidir” tezisini yazmaq istəmirlər. Heç bir şantaj onları buna vadar edə bilməz. Burada bir məqama da toxunmaq lazım gəlir. 

Jurnalistlərə verilən mənzillər (söhbət əsl jurnalistlərdən gedir – A.R.) onların haqqıdır. 30-40 il mətbuatda əziyyət çəkən və baş redaktorlardan fərqli olaraq acınacaqlı şəraitdə yaşayan qələm əhlinə mənzili prezident İlham Əliyev hədiyyə edib. Heç bir məmurcığaz bu mənzili jurnalistin əlindən ala bilməz və onu “sənə ev vermişik” şantajı ilə söyüş yazmağa vadar edə bilməz. Bu evlər sizin yox, ölkə başçısının hədiyyəsidir. Bu barədə etdiyiniz şantajlardan ölkə başçısının xəbəri olarsa, vəziyyətinizin necə olacağını düşünün!

Bu kimi şantajların nəticəsində xaricdəki mühacirlər ölkə başçısı və onun ailəsini təhqir etməyə başladılar.  Anlamaq lazımdır. Belə yanaşma ilə 21-ci əsrdə insanları idarə etmək mümkün deyil. Ölkə başçısı nələrisə dəyişmək istəyir. Bürokratik daş hasar ona imkan vermir. Prezident birbaşa təmaslara başlayır və məmur ordusuna, artıq yükə çevrilən YAP təfəkkürünə ciddi zərbələr endirir. İctimai rəy dövlət başçısının xeyrinə dəyişir və “həbs edin, telefon zəngi ilə jurnalisti işdən qovdurun, söyüş yazmağa vadar edin” tezislərinin müəllifləri artıq öz önəmlərini itirirlər. Əslində, bunu edənlər heç şöbə rəhbərləri də deyil, onların adından istifadə edən balaca (amma özlərini böyük hesab edən) məmurcığazlardır. Artıq onlar da çemodanlarını yığmağa hazırlaşırlar. Öz şöbə rəhbərlərinə, Prezidentə, Birinci vitse-prezidentə ən böyük zərbəni vuran bu insanlardan yaxa qurtarmağın zamanı çoxdan çatıb.

Ölkə başçısının Mirşahinə verdiyi müsahibə maraq doğurdu. Şahinin istedadı daha maraqlı suallar verməyə yetərincə idi. Buna da mane oldular. Prezident Davosda verdiyi müsahibələr zamanı sübuta yetirdi ki, o, ən sərt suallara cavab vermək qabiliyyiyətindədir. Belə xidmət heç kəsə lazım deyil, ölkə rəhbərinə isə heç lazım deyil.

Prezidentin Rasim Balayevə telefon zəngi etməsi gözəl jest idi. Əgər prezident bu dəfə sıravi bir jurnalistə (qətiyyən baş redaktora deyil) zəng etsə, yüzlərlə jurnalist üçün bu xəbərin nə anlam daşıdığını dərk edən varmı?!

Rusiyanı nəzərə almasaq, siyasi hakimiyyətə qarşı xarici təzyiqlər böyük deyil. “Paşinyan modeli” də artıq aktuallığını itirir.  İlham Əliyev xalqın arasında olur və belə “sürprizlər”in qarşısını alır.

Başlıca suala cavab verək. Baş verənlər islahatdırmı? Oqtay Şirəliyevin səhiyyə naziri olduğu, gömrükdə rüşvətin at oynatdığı bir ölkədə islahatdan danışmaq hələ çox tezdir. Azad media, məhkəmə islahatı, polisdəki özbaşınalıq, icra başçılarının harınlığı fonunda da islahatdan danışmaq mümkün deyil. Enerji daşıyıcıları ilə bağlı, sosial təminatlarla bağlı müsbət qərarların veriləcəyi ehtimalı böyükdür. Bu sıraya azad medianın yenidən qurulması (korruspiyaya uğraşmış jurnalistləri uzaq tutmaq şərti ilə),  siyasi məhbus probleminin həll edilməsi də daxildir.

Bu gün ölkədə müstəqil analitik və sorğu mərkəzləri mövcud deyil. Belə mərkəzlərin rəhbərliyində müstəqil insanlar durmalıdır. Obyektiv rəy sorğusu keçirilərsə, ölkə başçısının reytinqinin yüksək olduğu üzə çıxar. Amma bu nəticələri hakimiyyətpərəst biri təqdim edərsə, onun obyektivliyinə heç kim etibar eləməyəcək.

İlham Əliyev dəyişiklik tərafdarıdır. Problemləri araşdırmaq üçün sosial şəbəkələri izləyir. Bu baxımdan, ona problemləri çatdırmağa cəsarəti və mədəniyyəti çatan insanlarla təmasa ehtiyac var. Azərbaycan hamımızn vətənidir. Problemləri birlikdə həll etməliyik. Amma yeni yanaşma ilə...

Azər Rəşidoğlu


ƏLİ İNSANOV NƏ İSTƏYİR?

Möcüzə baş vermədi. Son aylar ərzində özünü qabarıq şəkildə büruzə verən yeni siyasi kursun davamı olaraq əfv sərəncamı imzalandı. Son il...