понедельник, 18 марта 2019 г.

ƏLİ İNSANOV NƏ İSTƏYİR?


Möcüzə baş vermədi. Son aylar ərzində özünü qabarıq şəkildə büruzə verən yeni siyasi kursun davamı olaraq əfv sərəncamı imzalandı. Son illərin ən böyük əfvi kimi səciyyələndirilən bu sərəncamla sabiq nazir Əli İnsanov, NİDA-çılar, dindarlar, AXCP fəalları azad edildi.

Bütün bunların fonunda hər kəsin diqqətini hakimiyyətin əsas rəqibi olan, vaxtilə iqtidar “mətbəxi”nin “baş aşpaz”larından olan cənab İnsanovun azad edilməsi və keçmiş nazirin verdiyi hikkəli və iddialı bəyanatlar çəkdi.
Elə təkcə bu bəyanat kifayət edir ki, ölkədə nəyin baş verdiyinin fərqində olaq. İnsanovu bu qədər özünə inamlı edən nədir?
Hər halda, soyuqqanlılığı ilə tanınan yaşı 70-i keçmiş professor heç bir halda Dəniz Gəzmiş rolunu oynamağa iddialı olmayıb. Nədir onu bu qədər inamlı edən? 14 il həbsdə olmağın formalaşdırdığı emosionallıqmı?
Professor İnsanov Fidel Kastroya da bənzəmir. Həbsdən çıxan kimi verdiyi bəyanatlar da bunu sübuta yetirdi. Bahalı geyimi ilə jurnalistlərə poz verən sabiq nazir olduqca qəzəbli görünürdü.
“İnsanov nə istəyir?” sualına bir qədər sonra cavab verməyə çalışarıq. İndi situasiyanın özünü təhlil etməyə cəhd edək.
2003-cü ildən aparılan siyasi kurs 2019-cu ildə dalana dirəndi. Anlaşıldı ki, artıq belə idarəetmə ilə post-neft dövründə duruş gətirmək mümkün olmayacaq. Əslində, ölkə rəhbərinin narazılığına səbəb olan amil onun ətrafının yaradıcılıq qabiliyyətindən məhrum olması idi. Dünyada cərəyan edən proseslər balans diplomatiyasının zərərini üzə çıxardı. “Neft-qaz siyasəti” sona çatırdı. Qərblə əməkdaşlıq, demokratik açılım zəruri idi. Köhnə təfəkkür və kadrlarla bu müstəvidə uğur əldə etmək də mümkün deyildi.

Ölkənin birinci şəxsi oyuna təkbaşına başladı, komandasını kənara itələyərək, xalqla birbaşa təmasa getdi. Son addımları ilə siyasət üçün mühüm olan “xalqdan biri” imicini formalaşdırmağa cəhd elədi. Prezident gərginliyi azaltmaq, xarici təhdidləri dəf etmək üçün siyasi məhbusları azad etmək qərarına gəldi. Belə məqamda Əli İnsanov kimi bir rəqibi həbsdə çox saxlamağın iqtidarın əleyhinə işləyəcəyini anladığından onu azad etdi.

İlham Əliyevin riskə getdiyini düşünənlər bir nüansı unudurlar. İnsanov böyük iddia ilə mübarizəyə qoşulacaq. Qərbi Azərbaycan qruplaşmasının lideri olan İnsanova hakimiyyətdən incik düşən məmurlar da dəstək verəcək.

İnsanov yalnız Qərbi Azərbaycan qruplaşmasına arxalanmır, eyni zamanda, “Heydər Əliyev dərin dövləti” təmsilçilərinə və narazı qüvvələrin dəstəyinə ümid edir. İnsanovun bir müxalifətçi kimi siyasətə gəlişi “inhisarçı müxalifəti” də sıradan çıxarmağa qadirdi.

İstənilən halda, İnsanovun müxalifətçi kimi mübarizəyə başlaması yeni dəyişikliklər deməkdir. Bu dəyişiklik qarşısında ənənəvi müxalifət və hakimiyyətin “söyüş yazdıran” məmurları tab gətirə bilməyəcək. Burada bir suala cavab axtaraq – İnsanov Milli Şura və ya buna bənzər müxalifətçilərlə eyni təşkilatda uzun müddət fəaliyyət göstərə bilərmi?
Ambisiyalarının böyüklüyü nəticəsində 14 illik həbsə cəzası çəkən İnsanov çətin ki lümpenlərlə bir təşkilatda dayanmağa razı olsun. Onun üçün başlıca dəyər bir əyalət müsavatçısı və yaxud cəbhəçisindən fərqlidir.

Digər amil isə budur ki, bir ziyalı uzun müddət bu düşərgədə duruş gətirə bilmir. Dünya şöhrətli yazar Rüstəm İbrahimbəyov, Azərbaycanın yetişdirdiyi ən nəhəng alim Rafiq Əliyev də vaxtilə bu düşərgəyə böyük həvəslə gəlmişdilər. Lakin fərqli dünyagörüşləri bu iki ziyalını sakitcə getməyə vadar elədi.

Müxalifəti staqnasiya vəziyyətindən vaxtilə hakimiyyət dairələri ilə çox yaxın münasibətdə olan professor Cəmil Həsənlinin gəlişi də xilas edə bilmədi. İnsanov nə İbrahimbəyovdur, nə də ki Rafiq Əliyev. Kobudluğu ilə seçilən İnsanov yeri gələndə “konkret rədd ol” deyə bilir. Yeri gəlmişkən, o zaman “rədd ol” ifadəsi jurnalistə ünvanlansa da, onun əslində kimin ünvanına deyildiyini hər kəs bilirdi. “Rədd ol” İnsananova baha başa oturdu və o, 14 il həbsxana şəraitində yaşamalı oldu.

Bu dəfə də İnsanov mülayim olmayacaq. İnsanov kimi təkəbbürlü bir şəxs, arxasında ciddi resursların dayandığını bilən bir siyasətçi istənilən anda asanlıqla hansısa müxalifətçiyə “rədd ol” deyə bilər. Nəzərə alaq ki, artıq ona dəstəklər gəlməkdədir. Məsələn, Rəsul Quliyev artıq İnsanova dəstək verdiyini açıqlayıb. İnsanova tezliklə Etibar Məmmədovun da dəstək verəcəyi gözlənilir. Hakimiyyətdə olan bəlli qrupu da bu siyahıya əlavə etsək, İnsanovun hikkəsinin boş yerə olmadığı üzə çıxır.

İnsanov bir fərd olaraq, cəsarətli və qətiyyətlidir. Natiqdir. Xarizmalıdır. İnsanları öz təsir dairəsinə salmağı bacarır. Nazir işləyəndə və YAP-ı quranlardan biri olanda da təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu nümayiş etdirdi. Elə korrupsiya piramidasının əsas sütünlarından biri olması da onun şəxsi bacarığından (mənfi bacarıq olsa belə) xəbər verir.

İnsanov həbsdən çıxar-çıxmaz təngənəfəs “Yaşasın Amerika, yaşasın Tramp” deməklə prezidentliyə vahid namizəd iddiasını ortaya qoydu və açıq mesaj verdi – mən heç kəsə qoşulmuram, gəlin mənə qoşulun. Belə bir iddialı, böyük maliyyə resursları olan, xarici dəstəyi olan bir simanın əsas müxalifətçi generalı olmaq şansı ənənəvi müxalifəti qıcıqlandırır və artıq sosial şəbəkələrdə onu linç etməyə başlayıblar. Bu zərbələr İnsanovun başını o dərəcədə qatacaq ki, onun prezidentlik iddiası yavaş-yavaş müxlaifəti söyməklə əvəzlənəcək.

Bəzi məlumatlara görə, İnsanov hələ içəridə olanda bəzi Qərb təmsilçiləri onunla görüşüb və siyasi mübarizəyə başlayarsa, dəstək verəcəyini bildiriblər. Burada bir məqama diqqət yetirək.

Məlumatların təhlili onu deməyə əsas verir ki, yüksək post tutan bəzi məmurlar artıq İnsanova mesajlar göndərməyə, onun bayrağı altına keçməyə hazır olduqlarını bildiriblər.

Əslində, İlham Əliyevin son zamanlar apardığı siyasət həmin məmurların sonunu yaxınlaşdırır. Ehtimal edə bilərik ki, 2003-cü il seçkiləri ərəfəsində İlham Əliyevə xəyanət edənlər bugünkü vəziyyətdə də İnsanovdan çəkinərək, yenə də birinciyə qarşı gizli fəaliyyətə başlayacaqlar. O vaxt müxalifətə maliyyə ayıran şəbəkə bu gün də xaricdəki söyüş ruporlarını maliyyələşdirir.



İki cəbhədə siyasət oynayanlar birincinin bütün addımlarına əngəl törədir və ona ictimai fəallar barədə yanlış məlumat verirlər, əllərindən gələni edirlər ki, demokratik açılım baş tutmasın.

İnsanov mənfi tipajdır. Korrupsiyaya uğrayan, kobud, qaba, qisasçı biridir. Lakin bütün bunlar onun qətiyyətli və dönməz olması fikrini təkzib etmir.
14 illik cəzasını az qala “qanuni oğru” kimi çəkən bir liderin (əşirət başçısı da deyə bilərik) qarşısına prezidentinə, şöbə rəhbərinə xəyanət edən, “söyüş tezislərinin müəllifləri” ilə çıxmaq imkansızdır. Mənasız yazılar müəllifi olan jurnalistlərlə heç mümkün deyil. İnsanovun “Amerika Əkbər, Tramp rəhbər” çağırışı da sıradan məsələ deyil. Lakin probelemlərin taleyini İlham Əliyevin Qərblə hansı məqamda razılaşacağı həll edəcək. Qərb Azərbaycanla əməkdaşlıqda maraqlıdır. İlham Əliyev demokratik açılımın ilk addımlarını atdı. Onun struktur və kadr dəyişiklikləri, işgüzar dairələrin, o cümlədən kiçik və orta biznes kimi mühüm komponentin vergi, korrupsiya yükünün azaldılması sahəsində son addımları ümidə səbəb olur.

İctimai rəy də artıq əvvəlki illərdən fərqlənir. Prezident Əliyev əvvəlki metodlarla idarəetmənin mümkün olmadığını başa düşür və çıxış yolları axtarır. Bürokratik aparat buna qaşı çıxır. İlham Əliyevin ilk növbədə həmin aparatı dağıtmaqla məşğul olacağı, “bekarçılıq kontoru” olan YAP-ı kənd klubunun dərnəyinə çevirəcəyi ehtimalı çox böyükdür. Bu baxımdan, yalnız bir təhdid qalır və ölkə başçısı Rusiyadan gələn potensial riskləri azaltmağa çalışır. Bunu da bacararsa, tezliklə yeni parlament seçkilərinin keçiriləcəyi ehtimalı yüksəlir...

Azər RƏŞİDOĞLU

четверг, 14 марта 2019 г.

İlham Əliyevin ən yeni siyasi texnologiyası: “Danışan Azərbaycan Prezidentidir!” – Bu telefon zəngi bir sıravi jurnalistə də gələ bilər


Prezident  İlham Əliyevin son addımları çoxsaylı suallar doğurub. Ölkə başçısı nə etmək istəyir? İslahatlar başladı, yoxsa baş verənlər prezidentin vətəndaşlarla görüşündə fərqli texnologiyanın tətbiqidir? 16 illik prezidentliyi dövründə ilk dəfədir ki, İlham Əliyev xalqla bu dərəcədə yaxından birbaşa təmasa girir.


Bu dəfə icra strukturlarının inzibati resurslarından istifadə etmədən özü sadə vətəndaşların arasına çıxır, onları dinləyir, anındaca reaksiya verir. Nədir bütün bunlar? Demokratik açılım başladı? Nə baş verdi ki, dövlət rəhbəri idarəetmədə bu dərəcədə ciddi dönüşlərə getdi? Yəni, doğrudanmı “Məhsul” stadionunda keçirilən son miitinq hakimiyyət dəhlizlərində bu qədər təşvişə səbəb oldu?

Ciddi bir analitik üçün bu amil ancaq köməkçi element kimi dəyərləndirilə bilər. Deməli, səbəb son etiraz  akksiyası ilə bağlı deyil. İlk öncə “nə baş verir” sualına cavab axtaraq.

Beləliklə...

Prezidentin həyata keçirdiyi siyasi xətt yalnız siyasi texnologiya elementləri deyil, ənənəvi idarətetmə içində seçilən tamailə yeni siyasi kursdur. Yəni, baş verənlər yalnız PR elementləri deyil, yeni yanaşmadır. Kabinetlərdə yuxulu məmurların hazırladığı bayağı kursdan fərqlənən bu yeni siyasi kursun üzə çıxartdığı bir nüans mövcuddur. Artıq prezident və birinci vitse-prezidentin olimpi fəth etmək uğrunda savaşından  heç kəs danışmır. Prezident və Birinci vitse-prezident birlikdə yeni siyasi xətti aparırlar və bu baxımdan erkən prezident seçkiləri ilə bağlı elə həmin mürgüləyən məmurcığazların dövriyyəyə buraxdığı dezinformasiyalar alt-üst oldu. 
Məlumatlara görə, ölkə rəhbərliyi bir- neçə mənbədən təkliflər paketi alır və dəyərləndir.  Yeni ekspertlər “Əli Kərimlinin şəxsi həyatına müdaxilə edin”, “radikal, dağıdıcı müxalifət xalqı qırğına aparır”, “Leyla Yunusun anası ermənidir” kimi tezisləri saytlara, bloqlara, sosial şəbəkələr sırıyan köhnəlmiş ideya müəlliflərindən fərqli olaraq, daha optimal təkliflərlərlə çıxış edirlər. Kreditlərlərlə bağlı qərar, sosial şəbəkələrin izlənilməsi və oradakı təkliflərin dəyərləndirilməsi, telefon zəngi (Rasim Balayev nümunəsi) kimi təkliflərlə çıxış edirlər. Ən təqdirəlayiqi budur ki, rəhbərlik bu təklifləri şəxsən dəyərləndirir və son qərarı özü verir.

Qərb ölkələrinin idarəetməsi modelində ekspertlərə ayrılan rol artıq Azərbaycanda da işləməyə başlayıb. Bütün bu təklifləri verənlər indiyə qədər “söyün, təhqir edin” tezisini verən komanda deyil. Əlbəttə ki, təhqirlərə təhqirlə cavab verilir və heç kəs bu yuxulu məmurcığazları söymür. Bu söyüş siyasətinin nəticəsində ölkə başçısı hədəf seçilir, həmin balaca məmurları yada salan belə olmur.

Bir sözlə, güc dinamikasi islahatci təfəkkürdə olanlarin lehinə dəyişməkdədir. Bu isə “qara kassaya” nəzarət edən “müxalifətdəkilər mavidir” yazdıran köhnə zehniyyatın sonunu gətirir. Deməli, prezident və birinci vitse-prezidentin apardığı xəttə qarşı onların müqaviməti olacaq. Lakin kim müqavimət göstərəcək? Trollar ordusu, yoxsa təhqirlər yazan jurnalistlər? Özünə hörmət edən qələm sahiblərinin heç biri “müxalifət liderləri mavidir” tezisini yazmaq istəmirlər. Heç bir şantaj onları buna vadar edə bilməz. Burada bir məqama da toxunmaq lazım gəlir. 

Jurnalistlərə verilən mənzillər (söhbət əsl jurnalistlərdən gedir – A.R.) onların haqqıdır. 30-40 il mətbuatda əziyyət çəkən və baş redaktorlardan fərqli olaraq acınacaqlı şəraitdə yaşayan qələm əhlinə mənzili prezident İlham Əliyev hədiyyə edib. Heç bir məmurcığaz bu mənzili jurnalistin əlindən ala bilməz və onu “sənə ev vermişik” şantajı ilə söyüş yazmağa vadar edə bilməz. Bu evlər sizin yox, ölkə başçısının hədiyyəsidir. Bu barədə etdiyiniz şantajlardan ölkə başçısının xəbəri olarsa, vəziyyətinizin necə olacağını düşünün!

Bu kimi şantajların nəticəsində xaricdəki mühacirlər ölkə başçısı və onun ailəsini təhqir etməyə başladılar.  Anlamaq lazımdır. Belə yanaşma ilə 21-ci əsrdə insanları idarə etmək mümkün deyil. Ölkə başçısı nələrisə dəyişmək istəyir. Bürokratik daş hasar ona imkan vermir. Prezident birbaşa təmaslara başlayır və məmur ordusuna, artıq yükə çevrilən YAP təfəkkürünə ciddi zərbələr endirir. İctimai rəy dövlət başçısının xeyrinə dəyişir və “həbs edin, telefon zəngi ilə jurnalisti işdən qovdurun, söyüş yazmağa vadar edin” tezislərinin müəllifləri artıq öz önəmlərini itirirlər. Əslində, bunu edənlər heç şöbə rəhbərləri də deyil, onların adından istifadə edən balaca (amma özlərini böyük hesab edən) məmurcığazlardır. Artıq onlar da çemodanlarını yığmağa hazırlaşırlar. Öz şöbə rəhbərlərinə, Prezidentə, Birinci vitse-prezidentə ən böyük zərbəni vuran bu insanlardan yaxa qurtarmağın zamanı çoxdan çatıb.

Ölkə başçısının Mirşahinə verdiyi müsahibə maraq doğurdu. Şahinin istedadı daha maraqlı suallar verməyə yetərincə idi. Buna da mane oldular. Prezident Davosda verdiyi müsahibələr zamanı sübuta yetirdi ki, o, ən sərt suallara cavab vermək qabiliyyiyətindədir. Belə xidmət heç kəsə lazım deyil, ölkə rəhbərinə isə heç lazım deyil.

Prezidentin Rasim Balayevə telefon zəngi etməsi gözəl jest idi. Əgər prezident bu dəfə sıravi bir jurnalistə (qətiyyən baş redaktora deyil) zəng etsə, yüzlərlə jurnalist üçün bu xəbərin nə anlam daşıdığını dərk edən varmı?!

Rusiyanı nəzərə almasaq, siyasi hakimiyyətə qarşı xarici təzyiqlər böyük deyil. “Paşinyan modeli” də artıq aktuallığını itirir.  İlham Əliyev xalqın arasında olur və belə “sürprizlər”in qarşısını alır.

Başlıca suala cavab verək. Baş verənlər islahatdırmı? Oqtay Şirəliyevin səhiyyə naziri olduğu, gömrükdə rüşvətin at oynatdığı bir ölkədə islahatdan danışmaq hələ çox tezdir. Azad media, məhkəmə islahatı, polisdəki özbaşınalıq, icra başçılarının harınlığı fonunda da islahatdan danışmaq mümkün deyil. Enerji daşıyıcıları ilə bağlı, sosial təminatlarla bağlı müsbət qərarların veriləcəyi ehtimalı böyükdür. Bu sıraya azad medianın yenidən qurulması (korruspiyaya uğraşmış jurnalistləri uzaq tutmaq şərti ilə),  siyasi məhbus probleminin həll edilməsi də daxildir.

Bu gün ölkədə müstəqil analitik və sorğu mərkəzləri mövcud deyil. Belə mərkəzlərin rəhbərliyində müstəqil insanlar durmalıdır. Obyektiv rəy sorğusu keçirilərsə, ölkə başçısının reytinqinin yüksək olduğu üzə çıxar. Amma bu nəticələri hakimiyyətpərəst biri təqdim edərsə, onun obyektivliyinə heç kim etibar eləməyəcək.

İlham Əliyev dəyişiklik tərafdarıdır. Problemləri araşdırmaq üçün sosial şəbəkələri izləyir. Bu baxımdan, ona problemləri çatdırmağa cəsarəti və mədəniyyəti çatan insanlarla təmasa ehtiyac var. Azərbaycan hamımızn vətənidir. Problemləri birlikdə həll etməliyik. Amma yeni yanaşma ilə...

Azər Rəşidoğlu


четверг, 21 февраля 2019 г.

İlham Əliyevin gərginliyi azaltmaq siyasəti: Kimlər bu siyasətə qarşı çıxır?


İlham Əliyev siyasi şahmat lövhəsində fərqli gedişlər edir. Kənar baxışla görünən budur ki, ölkə başçısı cəmiyyətdəki gərginliyi azaltmaq istəyir.

Ehtimal etmək olar ki, siyasi məhbusların bir qismi, o cümlədən Əli İnsanov, Gözəl Bayramlı tezliklə azadlığa çıxacaq.  Düşünmək olar ki, bütün bunlar gərginliyi azaltmağa, Heydər Əliyev siyasətinə dönüşə hesablanıb. Lakin... Kimlərsə gərginliyi azaltmağa imkan vermir. Kimlər?
Prezident və onun ətrafınında olan müəyyən kəsim ictimai rəyi hakimiyyətin xeyrinə dəyişmək istəyir. Lakin onlarla ictimai fəallar arasında da bir sədd çəkilib. Müəyyən qism məmurlar ictimai rəyi formalaşdıran əsas simaları prezidentdən və iqtidardan  narazı salır. Elə həmin simalar yeni siyasi məhbuslar ideyası təklif edir. Açıq – aydın görünür ki,  hədəfdə ölkə başçısıdır. Baş verənlər çox ciddi kataklizmlərin göstəricisidir.
Bu arada, çox nüfuzlu beynəlxalq təşkilat Bakıda Səhiyyə Nazirliyinin əməkdaşları və polislər üçün treninqlər keçirir. Müstəqil hüquq müdafiəçiləri, iqtisadçı, siyasi şərhçi və ekspertlərlə də eyni mövzuda görüş və təlimlər keçirir. Burada təəcüblü heç nə yoxdur? Bəli, yoxdur. Amma müzakirə edilən mövzular maraqlıdır: "Terror, müharibə, qarışıqlıq zamanı nə etməli?". Qərb ekspertləri bu mövzuda intensiv təlimlər keçirtməyi planlaşdırırlar. Bütün bunlar hələ ki cavabsız qalan bir sualı doğurur - Azərbaycanda xaos yaşana bilərmi? 

Prezidenti kim tənqid edir?


Azərbaycanın hazırki dövlət başçısının idarəetməsi sağdan və soldan tənqidlərə məruz qalır. Müxalifət dövlət başçısının siyasi kursunu qeyri-ardıcıl, təzadlı və qeyri-məntiqi, bulmacalar və paradokslardan ibarət siyasət adlandırır. Prezidentin opponentləri hesab edirlər ki, bu kurs özünü daxili siyasətdə olduğu kimi, diplomatiyada da büruzə verir. Bu siyasət ilk baxışdan Heydər Əliyev dönəminin siyasətinin davamı təsirini bağışlasa da, sərt dönüşləri ilə seçilir. Belə kurs qaçılmaz böhranlara yol açır. Heç də təsadüfi deyil ki, Rusiya mətbuatı ölkə rəhbərliyi barədə ciddi kompromat savaşına başlayıb. Tələblərdən birinin də İranla sərhəd olan rayonlara (işğaldan azad ediləcəyi gözlənilən rayonlara – A.R.) Rusiya qoşunlarının yerləşdirilməsidir. Buna razılıq vermək ABŞ tərəfindən ciddi narazılıqla qarşılana bilər. Bir sözlə, Azərbaycan iqtidarı daxili intiriqalarla zəngin və fırtınaya düşmüş bir gəmini xatırladır. Gəminin batması və ya sahilə çıxması qasırağanın, yəni, xarici təzyiqlərin gücündən asılı olacaq. Prezidentin tənqidçiləri belə hesab edirlər ki, idarəetmənin təzadlarından danışmaq da yersizdir, əslində, Azərbaycanda hakimiyyət böhranı müşahidə olunur. Heydər Əliyev dönəmindən fərqli olaraq, artıq bir şəxsin iradəsi ilə idarəolunan mexanizmdən də danışmaq mümükün deyil.

“Ən yaxşı yenilik elə köhnəliyin özüdür”

İlham Əliyev ölkəyə rəhbərlik etməyə gənc yaşlarından başladı. Azərbaycan uğrunda böyük savaş gedirdi, neft müqavilələri hələ gözlənilən pulu gətirməmişdi, ölkə hər an qarşıdurmaya sürüklənə bilərdi. İlham Əliyev bu böhranlı vəziyyətdən çıxa bildi. Lakin İlham Əliyevə münasibət daha çox Heydər Əliyevə olan münasibətlə eyni idi. Keçmiş prezidentin gölgəsindən çıxmaq istəyi hazırki prezidenti siyasi kursunda bir sıra redaktələr etməyə vadar elədi. Yeni prezident xarici və daxili siyasətdə müəyyən addımlar atmağa başladı. Məhz bu dönəmdən başlayaraq, İ.Əliyev barədə müstəqil və yeni siyasət yürüdən siyasi xadim kimi danışmağa başladılar. Lakin onun idarəetməsi bir çox müəmmalı suallar doğurdu. Cəmiyyət prezidentin ölkə üçün nələr edəcəyini, onun təşəbbüslərinin nə məqsədə xidmət edəcəyini anlamaq istəyirdi. İ.Əliyev yeni siyasi kursa üstünlük verən siyasi xadim təsiri bağışlayırdı. Bu paradiqmalar uyğunsuzluq, natamamlıqla müşayiət olunmağa başladı ki, bir çox suallar doğurdu və həmin suallara bu günə qədər cavab verən olmayıb. Siyasi rəhbərliyin Azərbaycansayağı siyasi kursu - demokratiya və avtoritarlıq arasında manevr siyasəti idi. Nə Avropasayağı demokratiya, nə də Şərqsayağı diktatura. İkisinin arasında olan bir siyasət. 


Ziddiyyətlərlə dolu, eyni zamanda, yenilikçi bir siyasət. Bir tərəfdən cəmiyyətin müsbət gözləntiləri və siyasi rəhbərliyin liberal niyyətləri, digər tərəfdən isə anti-Qərb çağırışları və qeyri-demokratik addımlar dövlət başçısının nə etmək istədiyini müəmmalarla doldururdu. Burada da bir incə məqam mövcuddur. Azərbaycan daha da inkişaf etdirilməsi strategiyasına qarşı çıxış edənlərin  məmurlar olduğu, prezidentin isə praqmatik və mütərəqqi bir siyasətçi olmaqla yanaşı, “artıq yüklərdən” azad olmaq cəhdlərindən xəbər verirdi. Prezident iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı kimi görünsə də, onun addımlarının gözlənilən nəticələr verməməsi paradoksal siyasi kursun təzahürü kimi qiymətləndiriliməyə başladı.
İlham Əliyev bu gün də eyni jestləri təkrarlayır. Lakin İ.Əliyev dördüncü prezidentliyində cəmiyyət bu qeyri-ardıcıl siyasi kursun başa çatmasını arzulayacaq.  Bunu anlayan ölkə başçısı xalq arasına çıxır, problemlərin bir hissəsini həll edir, cəmiyyətə barışıq təklif edir. Ətrafda müəyyən insanlar isə prezidentin uzatdığı barışıq əlini sıxmağa imkan vermir.
Siyasi idarəetməsi tənqid edilən Türkiyə prezidenti Ərdoğan onu tənqid edən jurnalistlərlə görüşür, suallarına cavab verir və özünü demokratik libasda təqdim edir. Azərbaycanda isə ölkə rəhbərini hətta sağlam tənqid edənləri belə zorən düşmənə çevirmək siyasəti yürüdülür.
Beləliklə, İlham Əliyev cəmiyyətə mesaj verdi. Ehtimal etmək olar ki, iqtidar “ən yaxşı yenilik elə köhnəliyin özüdür” şüarına üstünlük vercək. Baş verənlər seçki proqramına da bənzəyir. Ətrafı imkan versə, ölkə başçısı reytinqini qaldırmaq fikrindədir. Heç də istisna deyil ki, yaxın zamanlarda ölkədə olan və bəzi tanınmış beynəlxalq sosioloji mərkəzlər İlham Əliyevin reytinqinin həddən ziyadə yüksək olması ilə bağlı məlumatlatlar yayacaqlar.

Etatizm və liberal dəyərlər

İndi əsas məsələ “Rusiyanın, yoxsa ABŞ-ın yanında olmalıyıq?” sualına cavab axtarışı ilə bağlıdır. Bu illər ərzində İ.Əliyev Rusiya, ABŞ, İran arasında manevr etməklə mövcud siyasi kursun davam etməsində onların maraqlı olmasını ən azı müzakirəyə çıxara bildi. Yaxın Şərqdəki son olaylardan da hakimiyyət öz xeyrinə bəhrələnmək şanslarından yaralanmağa cəhd göstərdi. Belə ki, cəmiyyətin demokratikləşməsi və etatizmin məhvi yalnız qərbyönümlü siyasətə yol açmır, Qərb üçün arzuolunmaz nəticələr də doğura bilər. 



Avtoritar hakimiyyət bir çox hallarda vətənpərvər-millətçi, radikal-dini qrupların hakimiyyətindən daha sərfedici olur. Rəsmi Bakı nümayiş etdirmək istəyir ki, hazırkı durum Qərbə sərf də edə bilər. Azərbaycan digər Şərq ölkələri qədər despotik bir quruluşa malik deyil, eyni zamanda, Avropa ölkələrində mövcud olan demokratiyaya da sahib deyil. Digər tərəfdən, İlham Əliyev struktur dəyişikliklərinə də gedir. Prezident iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı kimi görünsə də, onun addımlarının gözlənilən nəticələr verməməsi paradoksal siyasi kursun təzahürü kimi qiymətləndirilir.


İmitasiya edilən demokratiya


İmitasiya edilən demokratiyanın  modeli getdikcə daha pis işləyir, hakimiyyət üçün daha çox problem yaradır, sistemi və onun özünü hörmətdən salır. Yaranmış vəziyyətdən iki yolla çıxmaq olar, ya  demokratiyanın imitasiya xüsusiyyətini azaltmaq, ya da vətəndaş rəyi ilə elektoral prosedur arasında istənilən əlaqəni istisna edib, imitasiya edilən demokratiyadan imtina etmək lazımdır.
Azərbaycanda birinci variant yuxarıda qeyd edilən səbəblərdən dolayı mümkün deyil. Bundan başqa, iqtidar SSRİ-nin “yenidənqurma” dövründən yaxşı dərs çıxarıb: seçkiləri bir qədər azad, rəqabət mühitini bir qədər geniş eləyən kimi, seçkilərdə qalib gələn namizədlərə yüksək tribunalara çıxış imkanı verən kimi hakim qruplaşmanın hakimiyyət inhisarı sual altına qoyulur.
Sosial-iqtisadi göstəricilərin pisləşdiyini nəzərə alsaq, seçkilərdə spontan etiraz səsvermələr mütəmadi hal ala bilər. Ona görə hökumətin seçki qanunvericiliyinin liberallaşmasını və siyasi rejimin ümumi yumşalmasını deyil, tamamilə zidd proseslər gözləmək lazımdır.
Ölkə rəhbəri komandasına deyil, özünə arxayındı. O, xalq tərəfindən sevildiyini və bunun həmişə belə olacağına əmin olsa da, məmurların çoxu, xüsusilə bilavasitə əhali ilə işləyən və səfərbərlik sxemlərinə cəlb edilən məmurlar iqtidarın əsl populyarlıq miqyasını və dərinləşən böhran fonunda perspektivlərini çox yaxşı dərk edir.



İstənilən halda, Azərbaycan hakimiyyəti çətin dövrə qədəm qoyub: daxili və xarici siyasətdə uğursuzluqlar və səhvlər əhalinin dəyişməyən hakimiyyətdən dolayı ümumi yorğunluğu ilə birləşir, iqtisadi problemləri dərinləşdirir. Belə bir şəraitdə imitasiya edilmiş demokratiyadan tamamilə imtina etmək istəyi yüksək vəzifəli məmurların çoxuna cəlbedici gələ bilər. Prezident ictimai fəallarla dialoqa başlamaqla, problemlərin həllinin bir qismini onlara yükləyə bilər. Bu isə demokratiyanın inkişafında maraqlı olmayanların maraqlarına zərbə olardı.  İstənilən halda, ölkə başçısı nələrisə dəyişmək istəyir, lakin ciddi müqavimətlə üzləşir...

Azər RƏŞİDOĞLU




понедельник, 11 февраля 2019 г.

Müxalifətin sistemsiz mübarizəsi: Bu düşərgənin təmsilçiləri niyə tənqidlərə təhqir və təhdidlərlə cavab verir? – Səbəblər



İlk bloq yazısına bu qədər reaksiya veriləcəyini, bu qədər paylaşma və oxunuş sayı olacağını təsəvvür eləmirdim. Oxucu baxımından heç vaxt problem yaşamamışam. Lakin bir bloq yazısı, özü də ilk bloq yazısı üçün fantastik sayıla biləcək baxış sayı və paylaşımlardan məmmun qalmaya bilməzdim.

Hakimiyyəti sərt tənqid tonunda yazılan təhlilin iqtidarda ciddi narazılıqla qarşılandığı barədə məlumatlı idim. Lakin nə təhdid, nə təhqirlə üzləşmədim. Bu dəfə də özünü demokratiya carçısı adlandıran bəzi müxalifət rəhbərləyinin “daşqalağından” xilas olmaq imkanı olmadı. Bir cümlə - “nimdaş geyimli etirazçıların əllərində milyonları olan və müxalifətə transfer edənlərdən daha zəif olduğunu” açıqlamam aparıcı partiya sədrlərinin müavinlərini qəzəbləndirdi. Bu düşüncə sahiblərinin hakimiyyətə gəlməsinin hansı fəsadlar verəcəyini düşünmək belə qorxuludur.

İllər öncə “Azadlıq” radiostansiyasının canlı efirində qonaq idim. FM dalğası ilə yayımlanan efirdə ölkə rəhbərindən tutmuş, nazirlərə qədər iqtidarı sərt tənqid elədim və onların vəzifələrindən getməsini arzuladığımı bildirdim. İki saat bu barədə danışdıqdan sonra cəmi 5 dəqiqə, “Müxalifət partiyalarının sədrləri də dəyişməlidir. Demokratiya uğrunda mübarizə aparan təşkilat özündən başlamalı və tam demokratik sədr seçkisi keçirməlidir. İllər boyunca eyni şəxsin sədr postunda əyləşməsi demokratik deyil”, mövzusunda danışdım. Veriliş bitən kimi tanınmış müxalifət liderindən mesaj aldım: “Sənin satıldığını eşitmişdim, indi özüm şahidi oldum”.

Prezidentdən tutmuş, bütün nazir və məmurları istefaya çağıran bir şərhçi rahat metro ilə evinə qayıdır və ona söz deyən olmur, lakin “müxalifət partiyaları yeni sədr seçməlidir” fikrinə görə dərhal təhdidlə üzləşir? Kimdir daha zalım?
Ritorik sualdır. Bir siyasi şərhçi üçün şəxslər deyil, tendensiyalar maraqlıdır. Bu baxımdan, bu dəfə iqtidarı deyil, müxalifətin fəaliyyətini təhlil etməyə çalışacağam.

Müxalifətin sistemsiz mübarizəsi

Son mitinq müxalifəti ruhlandırdı. Bir neçə min etirazçının (lap olsun özlərinin dediyi kimi 20 min) aksiyası ölkəni dəyişməyə qadirdimi? Məsələ ondadır ki, müxalifət yalnız ara-sıra mitinqlər keçirməklə işini yekunlaşdırır. Etiraz aksiyalarının məzmununda da müəyyən dəyişikliklər olmalı, konkret hədəflər müəyyən edilməlidir.
Aksiyaların şüarları müxalifətin istəyini açıq şəkildə ifadə etməlidir. Müxalifət isə yalnız tənqid etməklə işini bitmiş hesab edir. Bu gün müxalifət sistemli mübarizə apara bilmir.


Sistemli mübarizə nədir?

Mövsümi mitinqlər keçirtmək? Bəyanatlar vermək? Beynəlxalq əlaqələr bu, yaxud digər səbəbdən iflasa uğrayırsa, kimi müqəssir kim bilinməlidir? Digər bir səbəb onunla bağlıdır ki, ictimai rəy daha çox xaricdən asılı olub.
Qərbdən hər hansı impuls olmadan cəmiyyətimizdə siyasi fəallıq dinamikası yüksəlməyib. Ona görə indiki halda dünyanın diqqəti əsasən Rusiya ilə Qərb arasında gedən proseslərə yönəldiyindən, Azərbaycan bir qədər proseslərdən kənarda qalıb.

Araşdırmaçılar əmindirlər ki, durğunluğun səbəbini müxalifətin özündə və etdiyi, təkrarladığı səhvlərdə axtarmaq lazımdır. Bu, onunla bağlıdır ki, Azərbaycan siyasətçiləri proses yaratmaq gücündə deyillər, əksinə, prosesin ardınca sürünmək yolunu seçiblər.

Azərbaycan müxalifəti və siyasətçiləri gözləyirlər ki, Ukrayna, Krım hadisələrinin sonu necə qurtaracaq, qonşu ölkədəki seçkilərin Azərbaycana hansı təsiri olacaq və bunun fonunda yaradılan siyasi proseslərə qoşulacaqlar. Onların özünün proses yaratmaq gücü və intellektual səviyyələri yetərincə deyil. Əgər olsaydı, Venesuladakı çevrilişin Azərbaycana bağlılığını bəyan etməzdilər.

Ölkə rəhbərinin gedişləri

Son gedişləri ilə ölkə rəhbəri gündəmi müəyyən edə bildi. Az qala hər bir vətəndaşla görüşə can atdı. Hakimiyyətdən narazı olan bir təhlilçi olmağıma baxmayaraq, belə texnologiyaları dəstəkləməmək mümkün deyil. İlk gedişi edən uğura yaxın olur.

Mitinqdən sonra iqtidar opponentləri ruhlanmışdı. Belə vəziyyətdə gündəmi müxalifət yaratmalı idi. Sosial şəbəkələrdə mitinqin məqsədləri deyil, hansı partiyanın daha çox iştirakçı ilə təmsil olunması müzakirə edildi.
Müzakirələr qarşılıqlı təhqirlərlə əvəzləndi. Müxalifət düşərgəsində cərəyan edən proseslər, qarşıdurma və intriqalar iqtidara gedən yolu daha da uzaqlaşdırır. Müxalifət düşərgəsinin gündəmini daxili çəkişmələr və qarşılıqlı ittihamlar tutur. Görünən budur ki, müxalifətin ölkədəki vəziyyəti dəyişməklə bağlı konkret planı belə mövcud deyil. Prosesləri dəyişmək gücündə olan xalq isə ümumiyyətlə siyasi proseslərdən uzaqlaşıb. Müxalifət ona yuxarıdan təqdim olunan məsələləri müzakirə etmək zorundadır. Və ictimai rəyin, gündəmin sadəcə iqtidardan asılı vəziyyətdə qalması ilə barışıb. Gündəmlə bağlı müxalifətin "ev tapşırığı" mövcud deyil.
İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladıqda, hakimiyyətin planları işə düşür və iqtidar diqqəti problemlərdən uzaqlaşdıra bilir. Müxalifət isə sosial şəbəkələrdə öz liderinin statusuna “layk” yığmaqla başını qatır.

Burada bir məsələni xüsusilə vurğulamaq lazım gəlir: gündəmi sosial şəbəkələr yaratmır, mətbuat dəyişmir. KİV ictimai rəyə təqdim olunan məsələləri, sadəcə olaraq, işıqlandırır. Əgər müxalifət ölkə gündəminə yeni məsələlər daxil edə biləcəksə, mətbuat həmin məsələni diqqətdə saxlayacaq. Gündəm yaratmaq, yeni və önəmli proseslərə təkan vermək ölkə siyasətçilərinin potensialı daxilində deyil. Müxalifət düşərgəsi çox zaman özü də bilmədən (bəzən bilərəkdən) iqtidarın diktəsi ilə fəaliyyət göstərir. İctimai rəyi və gündəmi iqtidardan asılı vəziyyətdə saxlamaq isə müxalifəti az qala iflic vəziyyətində saxlayır. Müxalifət yalnız müdafiədə oynamağa üstünlük verir. İqtidar isə malik olduğu resurslardan bəhrələnərək, istənilən an hücuma keçməyi bacarır. İctimai rəy hakimiyyət üçün arzuolunmaz səpkidə inkişaf etməyə başladıqda, iqtidar müxalifət üzərinə hücum təşkil edir, opponentlərini bir-birinə çirkab yağdırmağa vadar edə bilir.

Bir sözlə, gündəmi iqtidar müəyyən edir, hansı məsələlərin müzakirəyə çıxarılmasını ictimai rəyə özü təlqin edir. Müxalifət isə yalnız və yalnız ona təqdim olunan gündəmi dəyərləndirməklə mövqelərini qorumağa cəhd göstərir. İqtidar müxalifətdəki rəqiblərinə qarşı nisbətən yeni, lakin sınaqdan çıxarılmış metodlardan istifadə edir.

Eyni siyasi qüvvələri uzun müddət basqıya məruz qoymaqla, onlara əlavə dividend qazandırmaq istəməyən hakimiyyət, artıq onları unutdurmağa və yaxud, yalnız bir-birləri ilə didişən qruplar kimi təqdim etməyə çalışır. İqtidar müxalifəti belə bir simada ictimai rəyə təqdim etməyə nail olur. Müxalifət isə təşəbbüsü ələ almaq əvəzinə, nəyisə və yaxud kimisə gözləyir. Belə kurs artıq 30 ildir davam edir. Ən acınacaqlısı odur ki, mübarizənin strategiyası müəyyən edilməyib. Hətta taktiki addımlar da bilinmir. Bir-birini söyməkdə, təhqir etməkdə, gözdən salmaqda usta olan müxalifətçilər, iqtidarın ideoloji bazasına ağır zərbələr endirməkdə acizlik nümayiş etdirirlər.

Texnoloqsuz, analitiksiz idarə olunan siyasi qurumların problemlərə konseptual yanaşması gözə dəymir. Bir-biriləri ilə savaşaraq, siyasi fəaliyyətin imitasiyası ilə məşğul olurlar. Müxlaifət dialoqa da hazır deyil. “İlham Əliyevi prezident kimi tanımıram” bəyanatının ardınca arxa baxçadan hakimiyyətlə danışıqlara səy göstərir. Belə qüvvəni kim ciddi qəbul edə bilər ki?

Qərb müxalifəti niyə unutdu?

Qərb illər boyunca müxtəlif fondlar vasitəsilə müxalifətə maliyyə ayırıb. Həmin pullar, Gürcüstandan fərqli olaraq, vətəndaş cəmiyyətinin inkişafına deyil, bir neçə liderin varlanmasına sərf edilib. Buna görə də Qərbin müxalifətə maliyyə yardımı etməsi xeyli zəifləyib. Müxlaifətin Rusiya ilə bağlı layihələrdə iştirakı da Qərbi düşünməyə vadar edib. Ən önəmlisi isə odur ki, Azərbaycanda yeni maliyyə və əmlak bölgüsü olması ehtimalıdır.

Ukraynada müxalifətin önəmli simaları böyük sərvətə sahib olan oliqarxlar idi. Savaş daha çox oliqarxlar arasında gedirdi. Azərbaycanda isə bu mübarizə “qullar və ağalar” arasında aparılır. Məhz bu baxımdan, müxalifətə keçmiş məmurların keçməsi diqqətdən qaça bilməz. Bu sadə həqiqəti anlaya bilməyən partiya sədrinin müavini ilə isə opponentlik etmək “Sizif əməyi” olardı.

Azərbaycanda mövcud siyasi qüvvənin iqtidardan salınması 100 milyarda yaxın bir vəsaitin, nəzarətdən çıxması deməkdir. Bu pullar istənilən sabotajı törətməyə kifayət edir. Bu pulların müsadirəsi üçün mexanizm yoxdur. Buna yalnız inqilab yolu ilə nail olmaq mümkündür. Qərb isə Azərbaycanda inqilab istəmir. Qərb yumşaq keçid arzulayır və bu baxımdan, müxalifət öz şansını düzgün dəyərləndirməlidir.

Radikal kütlənin yeni lider tələbi

Son mitinq zamanı tribunada olan liderlərin adları az səslənirdi. Kütlə yeni liderə ehtiyac olduğunu açıq nümayiş etdirirdi. Bütövlükdə siyasi müstəvidə vəziyyət eynidir. Bu dairələrdən kənarda yüz minlərlə, milyonlarla insan var ki, onlar tamamilə fərqli düşünürlər. Həmin kəsim nə iqtidarın, nə müxalifətin, nə də ki özünü yeni siyasi qüvvə kimi təqdim etmək istəyən gənclərin fikirlərini bölüşür və onları müdafiə edir. Bu baxımdan, müxalifətin özünü yeganə alternativ kimi təqdim etməsi də spekulyasiyadan başqa bir nəsnə deyil. Əsas problem həm də odur ki, ortada böyük ideyalar da yoxdur. Yaşayışından narazı qalan, lakin nə etmək lazım olduğunu bilməyən insanlara yeni impulslar lazımdır. Müxalifətdə siyasi düzəni, münasibətlər sistemini tamamilə dəyişəcək ideya generatorları gözə dəymir. Prinsip etibarilə, siyasi təşkilatlar bir medalın əks tərəfinə bənzəyir. 

Liderlərin bütləşdirilməsi, onların dediklərinin doqmalar kimi qəbul edilməsi, dürüstlük dərəcəsinin aşağı olması qapalı dairədən kənarda qalan milyonlarla insana siyasi elita ilə əks elita arasında heç bir fərqin olmadığı fikrini aşılayır.

Elə problemlərin kökündə də bu məsələ dayanır. İnsanlar kimin ardınca və hansı səbəbə getmək lazım olduğunu anlaya bilmirlər. Ortada böyük ideyalar və onları həyata keçirəcək şəxsiyyətlər gözə dəymir. Azərbaycanda fədakarlıqla mübarizə aparan qüvvələrin özləri də sabah nə baş verəcəyini hesablaya, gündəm yarada, prosesləri arxalarınca apara bilmirlər. Ən yaxşı halda, onlar kortəbii şəkildə inqilabi situasiyanın yetişəcəyi, xalqın ayağa qalxacağı və meydanlarda liderlərin adlarını səsləndirəcəkləri günü gözləyirlər. Bu isə artıq siyasətşünaslıqdan kənar elmlərin qiymət verə biləcəyi davranışlar qaydasıdır.

Azərbaycanda Con Stüart kimi liberal ideoloqlar da yoxdur, Lenin kimi inqilabçılar da. Bir sözlə, proseslər öz axarına buraxılıb. Etirazçı təbəqə qapalı dairədə oturub, "əcəl zənginin" çalınmasını gözləyir. Bu həqiqətləri təhlil etmək və çıxış yolları axtarmaq əvəzinə, jurnalist və şərhçilərdən kölə sədaqəti tələb etmək yersizdir...

Azər RƏŞİDOĞLU

вторник, 5 февраля 2019 г.

Ölkədə yeni siyasi mərhələ: Prezidentə kim xəyanət edib? – Klanlararsı savaş yeni müstəvidə


Prezident İlham Əliyevin son addımları siyasi transformasiyadan xəbər verir. Ölkə rəhbərinin istər siyasi məhbus Mehman Hüseynovla bağlı verdiyi qərar, istərsə şəhid ailələrinin problemini həll etməsi, istərsə də gənclərlə görüşü zamanı verdiyi bəyanatlar əslində, yeni paradiqmaların açıqlanması təsiri bağışlayırdı. Ölkədə ciddi proseslər baş verir. Proseslərin sonrakı taleyi kataklizmlər, yoxsa yumşaq keçid anlayışlarından hansına üstünlük veriləcəyini göstərəcək.

Müxalifət güclənirmi?

Müxalifətin son mitinqi düşünmək üçün əsas verir. Son illər ərzində ilk dəfə idi ki, etiraz aksiyalarına bu qədər çox insan toplaşırdı. Maraqlı nüans ondan ibarət idi ki, mitinq iştirakçıları sırasında yeni şəxsləri də görmək mümkün idi. Bunlar simalarından məzlumluq yağan və nimdaş geyimləri ilə diqqəti cəlb edən lümpenlər deyildi. İlk baxışdan görünürdü ki, düşüncə və yaşam tərzinə görə ənənəvi protest elektoratından fərqlənən yeni bir cameə də etirazlara qoşulur. Nisbətən dəbli geyimləri və çəkdikləri bahalı siqaretləri ilə prosesləri kənardan müşahidə etməyi sevən “yeni etirazçılar” ekspertlərin diqqətini cəlb etməyə bilməzdi.


Mitinq xüsusi bir dəyişikliyə nail olmadan başladığı kimi də bitdi. İllər boyunca dəyişməyən liderlər və onların ənənəvi radikalizmə köklənmiş çıxışları artıq kütləni ekstaza gətirmir. Mitinq yekunlaşdı. Şərti olaraq “köhnələr” adlandırğımız etirazçılar yumruqlarını havada silkələyərəq, qəzəblə “istefa”, “rədd olsun”, “ar olsun” şüarları səsləndirərək, avtobus dayanacağına yollandılar. Gözlərində ümid işıqları olmasa da, avtobusa minmək şanslarının az olmadığını dərk edirdilər. Bu arada mitinqə yeni qoşulan “keyfiyyət dəyişikliyinin nümunəsi” olan təbəqə bahalı maşınlarına əyləşərək, incik şəkildə hər kəsi seyr edirdilər. Sanki bütün baş verənlər 1988-ci ilin fevral və noyabr –dekabr mitinqlərini xatırladırdı. O zamanın 20 yaşlı tələbəsi olaraq, ilk dəfə idi ki, bəzilərinin pıçıltı ilə söylədiyi “mafiya”, “klan”, “Heydər Əliyevin barmağı” sözlərini eşitmək anlaşılmaz idi. Lakin həmin mitinqlərdə də ara –sıra gözə dəyən bahalı geyimli insanlar peyda olurdu.

Deyəsən, bu dəfə də tarix təkrar olunur. “Nə baş verir” sualına cavab axtarışı ilə sosial şəbəkələri ələk-vələk eləmək də müsbət nəticə vermədi. “Bu rejim çökməlidir və çökəcək”, “getməlidir və gedəcək” kimi eyforik və bolşevik şüarlarının hayqırtısından başqa bir nəsnəyə rast gəlmək imkansız idi. Hələ tələbə vaxtında Qustav Le Bonun “Xalqlar və kütlə psixologiyası” əsərini az qala əzbərləmiş biri kimi diqqətimi torlların devizləri deyil, onların əsl müəlliflərinin sevinci çəkirdi. “Nə baş verir?” sualı yenidən maraq cəlb edirdi.

Müxalifət yenidən etiraz aksiyası keçirməkdə israrlı idi. Anlaşılmayan çox nəsnələr var idi. Məsələn, keçmiş siyasi məhbus, tamamilə yeni protest elektoratı uğrunda savaşan İlqar Məmmədovun keçmiş daxili işlər naziri İsgəndər Həmidovla eyni tribunanı paylaşması nonsens idi.

Məmmədov “Hollivud təbəssümü” ilə fotoqraflara poz verməyə çalışırdı. Lakin gözlərinin ifadəsi onun tribunaya az qala məcburən qalxdığı əminliyi yaradırdı. “Ağ yaxalıqlı” cənab Məmmədov lümpenlərin lideri ilə birlikdə şəkil çəkdirdiyindən narazı görünürdü. “Onu kim və hansı səbəbə mitinqə gəlməyə vadar etmişdi?” sualı isə açıq qalır.

Prosesə general müdaxilə edir

Bu arada siyasi elitanın narahatlılığı göz önündə idi. Bunu hər kəs sezirdi. Görünən bu idi ki, yeni siyasi elita belə eksterimal vəziyyətlərə və fors-majora hazır deyil. “Köhnə qvardiya” isə artıq xeyli dərəcədə zərərsizləşdirilmişdi. Avropada peyda olan və “kaset, çəkiliş” deyə, bağıran “söyüş müxalifəti”nin bu qədər rahat fəaliyyət göstərməsi də “köhnə qvardiya”nın zəifləməsinin göstəricisi idi. Artıq bu illər ərzində “əzələ nümayişi” ilə “cızığından çıxanları” cəzalandıranlar siyasi və biznes sahəsindən silinmiş, siyasi və ideoloji iş aparanlar, mübaliğəli desək, “ev dustağı”na çevrilmişdi.

Bir sözlə, siyasi elita təklənmiş, illərlə xərc çəkilib məmur kimi yetişdirilənlər sıradan çıxarılmışdı. Bu baxımdan, onların bir qisminin ailələri ilə birilkdə mitinqlərə qoşulması gözlənilən idi. Makiavellini mütailə edənlər bunun altqatlarını daha yaxşı dərk edə bilərlər. Proses artan xətt üzrə inkişaf edirdi. Bahalı kostyumlu və yeni dəbə uyğun qaltstuk taxan yeni siyasi elita isə az qala vahimə içərisində yeni mitinq dalğasını gözləyir və Mehman Hüseynova qarşı qaldırılan cinayət işinin və istintaqın nəyə lazım olduğunu dərk etməyə çalışırdı. Bir sözlə, vəziyyət kritik idi. Əsl Heydər Əliyev gedişlərinin meydanı idi və yeni siyasi elitan ilk dəfə idi ki, vəziyyətdən çıxış yolunun bu qədər çətin olduğunun fərqinə vardı.
İlham Əliyev özü də 2003-cü ildən başlayaraq, ilk dəfə idi ki, bu qədər çətin vəziyyətlə üzləşmişdi. Ümid yenə də “köhnələrə” qalırdı. Və.... Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov mətbuatdan prezidentin rəqiblərinə barmaq silkələdi “mitinqlər yolverilməzdir, sabitliyi qorumağa gücümüz yetər”.



Şərur rayonunda anadan olan general-mayor sinəsini önə verdi. Mesaj anlaşıldı. Bir qədər sonra Bakının yeni meri, “naxçıvanlıların qatı düşməni” imicinin sahibi Eldar Əzizov öncədən razılaşdığı yeni mitinqə “yox” dedi. Bəlli idi ki, burada söhbət yalnız naxçıvanlıların zədələnmiş maraqlarından deyil, ölkənin birinci şəxsinin siyasi karyerasından gedir. Naxçıvanlıların incidilməsi bir vaxtlar ölkədə ciddi proseslərə səbəb olmuşdu. Bunu hər kəs anlayırdı. Gənclərlə görüş zamanı İlham Əliyev "Azərbaycanın müstəqlillik tarixində Naxçıvan amili”ni qabartdı və bunun ardınca siyasi proseslərin mətbəxtdə bişməsində “birinci skripka” rolunu oynayan Əli Həsənov dövlət telekanalına müsahibə verdi...

Yeni media patronları və mətbuatın xaotik vəziyyəti...

Bu maraqlı məqam idi. Ə. Həsənovun mətbuata nəzarətinin məhdudlaşdırılması ilə bu sahəyə yad oyunçular qoşulmağa başladı. Neft sektorundan tutmuş, müstəntiqlərə qədər az qala hər kəs, “puluna minnət” prinsipi ilə yeni media formalaşdırmağa başladı. Media sahəsində qısa zamanda elə bir xaos formalaşdı ki, artıq siyasi hakimiyyətin mərkəzdənqaçma tendensiyasından əziyyət çəkdiyi bəlli idi. Əslində, hədəf kimi ölkə başçısı seçilmişdi. İlham Əliyevlə oliqarxların düşmən edilməsindən sonra, FHN və digər strukturlarlrın dağıdılması ilə bu strukturları “ana vətənləri” hesab edən məmurlar regional amili nəzərə almayan prezidentə qarşı qoyuldu. Məqsəd hakimiyyət olduqda, kiçik maneələr aradan qaldırılmalı idi və iqtidar kölgə sevmədiyindən böyük maneələr də yox edilməli idi. Bu baxımdan, güc nazirliklərinin başında kimin duracağı da çox önəmlidir. Rabitə, vergi, təhsil, maliyyə və digər sahələrə nəzarət edən “ikinci hakim ailə” inamla hakimiyyət olimpini fəth etməyə başladı. Siyasi partiya, QHT və mətbuatı da nəzarətə götürən yeni siyasi elita son günlər üzləşdiyi ciddi sınaqlarla hakimiyyətə hazır olmadıqlarının fərqində oldu. Bütün bu sadalanlar bu günün mənzərəsidir.

Prezidentə kim xəyanət edib?

Hətta adi baxışla nəzər etdikdə bəlli olur ki, prezident öz kadrlarının müdhiş xəyanəti ilə üzləşib. Onun hakimiyyətinə uzun illər qoruduğu və çətinliklə yetişdirdiyi insanlar tərəfindən təhlükə yaranıb. Prinsipcə, hakimiyyət uğrunda mübarizənin ən həlledici mərhələyə keçməsi sirr deyil. Əslində, bütün bu savaşlar 2008-ci ildə başlamışdı. Lakin heç kəs olaya MTN və Qərb kəşfiyyatının qoşula biləcəyini ağlından belə keçirmirdi. Deməli, ölkədə Putin-Medvedev modeli deyil, tamamilə başqa ssenari həyata keçirilməli imiş.



Bir sözlə, ölkədə yeni siyasi mərhələ və yeni lider formalaşdırılmalı idi. Lakin... Bu dəfə də “Heydər Əliyev dərin dövləti” vəziyyəti dəyişdi... Sevil Əliyevanın birinci ledi ölkədə olmadığı bir zamanda Bakıya müəmmalarla dolu səfər etməsi və cəmiyyətə ailəsi, sevimli və yeganə qardaşı, mərhum atası, anası barədə ciddi mesajlar verməsi də ciddi göstərici idi. Oyun başlamışdı. Ailənin, klanın maraqları zərbə altında idi. Qarşıdan isə parlament seçkiləri gəlirdi və qanunverici orqanın da nəzarətdən çıxması “Olimpin fəthi” ssenarisini yekunlaşdıra bilərdi. Sevil Əliyeva buna seyrçi qala bilməzdi. Onun Bakıya səfəri zamanı çantasında hansı materialların olması barədə isə yalnız ehtimallar irəli sürmək olar. İstənilən halda qan qohumluğu və “heç zaman ailənin maraqlarına qarşı getmə” dərsi H. Əliyevin sevimli qızını bu mərhələdə qardaşı ilə çiyin-çiyinə dayanmağa sövq edirdi. Lakin görünən budur ki, İlham Əliyev “Qordi düyünü”ndən dəfələrlə çətin olan bir tilsimi sındırmalı, törəmə vermiş xərçəng xəstəliyini cərrahi müdaxilə ilə kəsib atmalı imiş.

Daha çox cavab axtarılan sual isə sabiq MTN şefi Eldar Mahmudovla bağlı olaylar idi. Rabitə, hava limanı, maliyyə-bank sektoru, MTN, parlament, nüfuzlu telekanalların nəzarətə alınması və ölkə rəhbərinin istefaya vadar edilməsi planının mövcudluğu ilə yanaşı, ölkənin birinci şəxsinin həyatının belə təhlükədə ola bilməsi barədə düşünmək lazım gəlir. Bütün bunlar sadəcə versiyalardır və ola bilər ki, gerçəkliyi əks etdirmir. Əgər belədirsə, deməli, E. Mahmudov özü də bu oyunda sadə icraçı imiş və aysberqin görünməyən tərəfində daha güclü oyunçular dayanırmış.

Bir sözlə, İlham Əliyevin növbəti dəfə öz komandasının xəyanəti ilə üzləşdiyi göz önündədir. Vəziyyəti dəyişmək lazım gəlir. Son zamanlar incik düşmüş “Heydər Əliyev ordusu”nun ölkənin birinci şəxsinin ətrafında birləşdirmək üçün yeni variantlar axtarışında olması da qaçılmaz görünür. Belə variantlardan biri də Heydər Əliyevin mənəvi varisi kimi qəbul edilən Sevil Əliyevanın Bakıya qayıdışının təmin edilməsindən keçir. Lakin Sevil Əliyeva özünün və ailəsinin gələcəyini qardaşının hakimiyyətinin davam etməsində görür. Deməli, “Naxçıvan klanı”nın başlıca məqsədi birinci şəxsə yaxın olmaq uğrundakı savaşdır. Qarşı tərəfin isə artıq özünün lideri mövcuddur. Əslində, 2013-cü ildə həmin komanda öz lideri ilə seçkilərə getməyi planlaşdırırdı. Konstitusiya eyni şəxsin yalnız 2 dəfə dalbadal prezident seçilməsinə imkan verirdi. Lakin 2009-cu ilin 18 martında referendium keçirildi və İlham Əliyevin növbəti prezidentliyə gedən yolunda əngəl aradan qaldırıldı. Az keçmiş, referendium təşəbbüskarlarına qarşı ciddi savaş başladı və bunun mahiyyətinin nə olduğu hələ də tam aydın deyil.

Bu suallara cavab tapmaq üçün bir qədər öncəyə nəzər etmək lazım gəlir.
2008-ci ilin sonlarında artıq siyasi hakimiyyətini kifayət qədər möhkəmləndirmiş İlham Əliyev qeyri-adi gediş etdi. Bu gediş barədə ölkədə olduqca az insan məlumatlıdır və birbaşa məlumatın içində olan simalar da ona şübhə ilə yanaşırdılar. İlham Əliyev sərəncam imzaladı – Ramiz Mehdiyev vəzifəsindən azad edildi. “İkinci hakim ailə” sevinc göz yaşları içərisində idilər. Onların hesablamalarına görə, 2013-ci ildə ölkənin yeni prezidentin ata soyadı fərqli olacaqdı. Lakin... “Azərbaycanın Rişelyesi” ölkənin birinci şəxsinə bir telefon zəngi etdi və... İlham Əliyevin imzaladığı sərəncam ictimaiyyətə təqdim edilmədi.

İlham Əliyevə ad günü hədiyyəsi 

2008-ci il 24 dekabrda Ramiz Mehdiyev prezidentə ad günü hədiyyəsi etdi və onun təklifi ilə parlament 2009-cu il 18 marta referendum təyin edildi və eyni şəxsin prezident seçkilərində iştrakına olan məhdudiyyət ləğv edildi. İlham Əliyev hakimiyyətdə qaldı. Daxili və xarici təhdidlərin öhdəsindən gələ bildi. Əslində, “Naxçıvan klanı” İlham Əliyevə ilk böyük dəstəyi 2003-cü ildə vermişdi. O zaman beynəlxalq dəstək də tərəddüd içində idi. Heydər Əliyevin Gülhanə xəstəxanasından Rusiya təyyarəsi ilə ABŞ-a aparılması gələcək hakimiyyətin taleyini faktiki olaraq həll etmişdi, amma hakim komanda artıq müxalifətə keçməyi planlaşdırdığı bir zamanda klan prosesə müdaxilə etdi və ata Əliyevin komandasını oğul Əliyevin çətiri altında toplaya bildi. Hakim komandanın avtoritar lideri Heydər Əliyevin dünyasını dəyişməsi ilə iqtidar çaşğınlıq içində idi. Xarici simpatiya da müxalifətin tərəfində idi. Heç də təsadüfi deyil ki, yüksək ranqlı məmurlar Müsavatın o zamankı başqanı İsa Qəmbərə “cənab prezidentim” deyə müracət edir və özlərini əliyevşina qurbanları adlandırırdılar.

Növbəti 5 ildə, 2008-ci ilə qədər “Naxçıvan klanı” müxalifəti və tənqidçi medianı, o cümlədən iqtidardakı rəqiblərini sıradan çıxardı və oğul Əliyevin ikinci prezidentliyinə gedən yolda əngəl qalmadı. Hakimiyyətdaxili savaş bundan sonra güclənməyə başladı.

İndi də bir çox suallar cavabsız qalır. 2009-cu ilin 18 mart referendumunun təşəbbüskarlarına qarşı aparılan savaşın mahiyyəti nə idi? Avropa Oyunları ərəfəsində Bakıda binanı kim və niyə yandırdı? “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu kim və niyə qətl etdi? ADNA-dakı terrorun əsl mahiyyəti nə idi və terrorçunun hadisə yerində qətlə yetirilməsi kimlərə sərf edirdi? General Rail Rzayev qətlini kim sifariş vermişdi? Bu gün kimlər “Naxçıvan klanı”nı hədəf seçir?

Azərbaycan hakimiyyətinə xarici və daxili təzyiqlərin artdığı bir zamanda, iqtidarın ən önəmli simalarının da savaş baltalarını havada yelləməsi, artıq bu savaşın ölüm-dirim məsəlinə çevrildiyinin göstəricisi kimi dəyərləndirilə bilər.

Bu gün hakimiyyət birinci vitse - prezidentin əlində cəmləşir və Əliyevin ətrafında olan oliqarxiya zəifləyir. Prezidentin imicinin sarsılmasının başlıca səbəbkarı olan “köhnə qvardiya” nı əvəz edən yeni siyasi elita ölkədə daha uğursuz mənzərə yaradır. Rabitə, səhiyyə, metro, təhsil sahələrində rəhbərliyə gətirilmiş yeni klan nümayəndələri yarıtmaz işləri ilə katalizatorlarının əsas  elementinə çevrilirlər. İctimaiyyəti təngə gətirən naxçıvanizmin yerini yeni traybalizim doldurur. Yenilərin hakimiyyət dəhlizlərinə daşıdıqları məmurlar ordusu islahatçılığa meylliyi ilə tanınmır, yeni nazilə qohumluq və “ikinci hakim ailə”yə sadiqıiq əsas amil kimi nəzərdə tutulur. Bir sözlə əsas hədəf hakimiyyətin transformasiyasından deyil, iqtidarın bir əldə - “ikinci hakim ailə”nin əlində cəmləməkdən gedir.  Bütün bu amillər bu gün kütləvi aksiyalara, yaxud saray çevrilişinə səbəb ola biləcək əsas komponentdir.

Azərbaycanda hakimiyyət dəyişikliyi və Qarabağ münaqişəsi

Bu dəfə söhbət yalnız yeni maliyyə bölgüsündən getmir, geosiyasi rəğbət də önəmli rol oynayır. Bu dəfə Qarabağ danışıqlarında hansı komandanın hansı mövqedə olacağı da önəmlidir.

Ermənistanda “Qarabağ klanı” hakimiyyətdən getdi. Robert Köçaryan da kitabında Heydər Əliyevlə görüşündən yazır və bildirir ki, Ermənistan və Azərbaycanın mövcud iqtidarı bu problemi həll etmək gücündə deyil. Ardınca Ermınistanda hakim komanda əks-elita ilə əvəzlənir. Azərbaycan hakimiyyəti içərisində bir qrup KTMT-yə üzvülüyün mühümlüyünü əsaslandırır və sülh danışıqlarından bəhs edir, qarşı tərəf isə kompromislərin mümkün olmadığını bəyan edir. Beləliklə, hakimiyyətdaxili savaş Qarabağa münasibətdə də tamamilə fərqli müstəvilərə transfer edir.  Bu gün Rusiya İranla sərhədyanı rayonların qaytarılmasına nail olmaq üçün ermənilərə təzyiq göstərir. Plana görə, Ermənistan İranla sərhəddəki rayonları boşaldır, əvəzində rəsmi Bakı bu rayonlara güclü maliyyə qoymaqla yanaşı sovet dövründə işləmiş Bakı-Noraşen (xəttin adının necə olacağı önəmli deyil) dəmir yolunu işə salır, Rusiyadan gələn yüklər quru vasitəsi ilə Ermənistana çatdırılır. Dağlıq Qarabağın statusunun adıçəkilən prinsiplərə uyğun olaraq müzakirəsi isə 15-20 il sonraya saxlanılır.

Rəsmi Bakı isə 30 ildən bəri daşlaşmış münaqişənin həllinə başlamaqla yanaşı, cəmiyyətə daha bir mesaj verir: Bakı-Noraşen dəmir yolunun işə düşməsi həm də Naxçıvanın blokadadan çıxarılması deməkdir.
Gözlənilən dəyişikliklər regionda qlobal təlatümlərə səbəb ola bilər. Belə olan anda həm Rusiya, həm də Qərbə İran sərhəddində stabillik lazımdır. Qərb onsuz da anlayır ki, İrana qarşı müharibə ssenarisi olsa belə, bu hücum Azərbaycan ərazisindən olmayacaq. Amma İrana hücum zamanı milyonlarla insanın Azərbaycan sərhədlərini keçməsi realdır ki, bu da Bakını ciddi problemlərlə üzləşdirə bilər. 

Bir sözlə, yeni siyasi elita Qarabağ və İranla sərhəd məsələsində tamamilə fərqli mövqe sərgiləyir. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyət dəhlizlərində baş verənlər yalnız dünyagörüşünün və mədəniyyətlərin toqquşması deyil,  Azərbaycanın gələcəyi ilə bağlı konseptual fikir ayrılığıdır. Heydər Əliyevin zamanında imzalamaqdan imtina etdiyi “Qarabağ planı”nı bu gün “ikinci hakim ailə” imzalamağa hazır olduğunu nümayiş etdirir. Bir sözlə, yeni siyasi elitanın formalaşdırılması cəhdləri ölkə başçısına xaricdən və daxildən ciddi təhdid yaradır. Heydər Əliyevin oğluna Qarabağla bağlı kompromislərə imza atmaq xeyli çətindir, yeni siyasi elita isə daha çox kosmopolit dünyagörüşünə malikdir və yeni klan “Qarabağ yükü”ndən xilas olmaq istəyir.

Şübhə yoxdur ki, hakimiyyət dəhlizlərindəki savaşı dərinləşdirənlər bütün bu proseslərin mərkəzi hakimiyyəti laxlatdığını gözəl dərk edirlər.

Problem hakim elitadan prezidentliyə növbəti namizədin kim olacağın ilə bağlıdır. Bu suala xarici güc mərkəzləri də cavab axtarır. Ən azı İranla sərhədə kimin nəzarət edəcəyi onlar üçün də önəmlidir. Bu amillər isə onu deməyə əsas verir ki,   İlham Əliyevin dördüncü prezidentliyə gedən yolu o qədər də asan olmayacaq. Mövcud prezidentin ən əsas rəqibi “Məhsul” stadionuna yığılan 2-3 min nəfər yox, ölkəyə nəzarəti ələ keçirən və xarici siyasətdə kompromislərə hazır olduğunu bəyan edən yeni siyasi elitadır…

Azər RƏŞİDOĞLU

ƏLİ İNSANOV NƏ İSTƏYİR?

Möcüzə baş vermədi. Son aylar ərzində özünü qabarıq şəkildə büruzə verən yeni siyasi kursun davamı olaraq əfv sərəncamı imzalandı. Son il...