İlham
Əliyev siyasi şahmat lövhəsində fərqli gedişlər edir. Kənar baxışla görünən
budur ki, ölkə başçısı cəmiyyətdəki gərginliyi azaltmaq istəyir.
Ehtimal etmək olar ki, siyasi məhbusların bir qismi,
o cümlədən Əli İnsanov, Gözəl Bayramlı tezliklə azadlığa çıxacaq. Düşünmək olar ki, bütün bunlar gərginliyi
azaltmağa, Heydər Əliyev siyasətinə dönüşə hesablanıb. Lakin... Kimlərsə gərginliyi
azaltmağa imkan vermir. Kimlər?
Prezident və onun ətrafınında olan müəyyən kəsim ictimai
rəyi hakimiyyətin xeyrinə dəyişmək istəyir. Lakin onlarla ictimai fəallar
arasında da bir sədd çəkilib. Müəyyən qism məmurlar ictimai rəyi formalaşdıran əsas
simaları prezidentdən və iqtidardan narazı salır. Elə həmin simalar yeni siyasi məhbuslar
ideyası təklif edir. Açıq – aydın görünür ki, hədəfdə ölkə başçısıdır. Baş verənlər çox
ciddi kataklizmlərin göstəricisidir.
Bu arada, çox nüfuzlu beynəlxalq təşkilat Bakıda Səhiyyə
Nazirliyinin əməkdaşları və polislər üçün treninqlər keçirir. Müstəqil hüquq
müdafiəçiləri, iqtisadçı, siyasi şərhçi və ekspertlərlə də eyni mövzuda görüş və
təlimlər keçirir. Burada təəcüblü heç nə yoxdur? Bəli, yoxdur. Amma müzakirə
edilən mövzular maraqlıdır: "Terror, müharibə, qarışıqlıq zamanı nə etməli?".
Qərb ekspertləri bu mövzuda intensiv təlimlər keçirtməyi planlaşdırırlar. Bütün
bunlar hələ ki cavabsız qalan bir sualı doğurur - Azərbaycanda xaos yaşana bilərmi?
Prezidenti
kim tənqid edir?
Azərbaycanın hazırki dövlət başçısının idarəetməsi
sağdan və soldan tənqidlərə məruz qalır. Müxalifət dövlət başçısının siyasi
kursunu qeyri-ardıcıl, təzadlı və qeyri-məntiqi, bulmacalar və paradokslardan
ibarət siyasət adlandırır. Prezidentin opponentləri hesab edirlər ki, bu kurs
özünü daxili siyasətdə olduğu kimi, diplomatiyada da büruzə verir. Bu siyasət
ilk baxışdan Heydər Əliyev dönəminin siyasətinin davamı təsirini bağışlasa da,
sərt dönüşləri ilə seçilir. Belə kurs qaçılmaz böhranlara yol açır. Heç də təsadüfi
deyil ki, Rusiya mətbuatı ölkə rəhbərliyi barədə ciddi kompromat savaşına
başlayıb. Tələblərdən birinin də İranla sərhəd olan rayonlara (işğaldan azad
ediləcəyi gözlənilən rayonlara – A.R.) Rusiya qoşunlarının yerləşdirilməsidir.
Buna razılıq vermək ABŞ tərəfindən ciddi narazılıqla qarşılana bilər. Bir sözlə,
Azərbaycan iqtidarı daxili intiriqalarla zəngin və fırtınaya düşmüş bir gəmini
xatırladır. Gəminin batması və ya sahilə çıxması qasırağanın, yəni, xarici təzyiqlərin
gücündən asılı olacaq. Prezidentin tənqidçiləri belə hesab edirlər ki, idarəetmənin
təzadlarından danışmaq da yersizdir, əslində, Azərbaycanda hakimiyyət böhranı
müşahidə olunur. Heydər Əliyev dönəmindən fərqli olaraq, artıq bir şəxsin iradəsi
ilə idarəolunan mexanizmdən də danışmaq mümükün deyil.
“Ən
yaxşı yenilik elə köhnəliyin özüdür”
İlham Əliyev ölkəyə rəhbərlik etməyə gənc
yaşlarından başladı. Azərbaycan uğrunda böyük savaş gedirdi, neft müqavilələri hələ gözlənilən pulu gətirməmişdi, ölkə hər an qarşıdurmaya sürüklənə bilərdi. İlham Əliyev bu
böhranlı vəziyyətdən çıxa bildi. Lakin İlham Əliyevə münasibət daha çox Heydər
Əliyevə olan münasibətlə eyni idi. Keçmiş prezidentin gölgəsindən çıxmaq istəyi
hazırki prezidenti siyasi kursunda bir sıra redaktələr etməyə vadar elədi. Yeni
prezident xarici və daxili siyasətdə müəyyən addımlar atmağa başladı. Məhz bu
dönəmdən başlayaraq, İ.Əliyev barədə müstəqil və yeni siyasət yürüdən siyasi
xadim kimi danışmağa başladılar. Lakin onun idarəetməsi bir çox müəmmalı
suallar doğurdu. Cəmiyyət prezidentin ölkə üçün nələr edəcəyini, onun təşəbbüslərinin
nə məqsədə xidmət edəcəyini anlamaq istəyirdi. İ.Əliyev yeni siyasi kursa
üstünlük verən siyasi xadim təsiri bağışlayırdı. Bu paradiqmalar uyğunsuzluq,
natamamlıqla müşayiət olunmağa başladı ki, bir çox suallar doğurdu və həmin
suallara bu günə qədər cavab verən olmayıb. Siyasi rəhbərliyin Azərbaycansayağı
siyasi kursu - demokratiya və avtoritarlıq arasında manevr siyasəti idi. Nə
Avropasayağı demokratiya, nə də Şərqsayağı diktatura. İkisinin arasında olan
bir siyasət.
Ziddiyyətlərlə dolu, eyni zamanda, yenilikçi bir siyasət. Bir tərəfdən
cəmiyyətin müsbət gözləntiləri və siyasi rəhbərliyin liberal niyyətləri, digər
tərəfdən isə anti-Qərb çağırışları və qeyri-demokratik addımlar dövlət
başçısının nə etmək istədiyini müəmmalarla doldururdu. Burada da bir incə məqam
mövcuddur. Azərbaycan daha da inkişaf etdirilməsi strategiyasına qarşı çıxış edənlərin
məmurlar olduğu, prezidentin isə
praqmatik və mütərəqqi bir siyasətçi olmaqla yanaşı, “artıq yüklərdən” azad
olmaq cəhdlərindən xəbər verirdi. Prezident iqtisadi islahatlar və demokratik
transformasiya tərafdarı kimi görünsə də, onun addımlarının gözlənilən nəticələr
verməməsi paradoksal siyasi kursun təzahürü kimi qiymətləndiriliməyə başladı.
İlham Əliyev bu gün də eyni jestləri təkrarlayır. Lakin
İ.Əliyev dördüncü prezidentliyində cəmiyyət bu qeyri-ardıcıl siyasi kursun başa
çatmasını arzulayacaq. Bunu anlayan ölkə
başçısı xalq arasına çıxır, problemlərin bir hissəsini həll edir, cəmiyyətə
barışıq təklif edir. Ətrafda müəyyən insanlar isə prezidentin uzatdığı barışıq əlini
sıxmağa imkan vermir.
Siyasi idarəetməsi tənqid edilən Türkiyə prezidenti
Ərdoğan onu tənqid edən jurnalistlərlə görüşür, suallarına cavab verir və özünü
demokratik libasda təqdim edir. Azərbaycanda isə ölkə rəhbərini hətta sağlam tənqid
edənləri belə zorən düşmənə çevirmək siyasəti yürüdülür.
Beləliklə, İlham Əliyev cəmiyyətə mesaj verdi.
Ehtimal etmək olar ki, iqtidar “ən yaxşı yenilik elə köhnəliyin özüdür” şüarına
üstünlük vercək. Baş verənlər seçki proqramına da bənzəyir. Ətrafı imkan versə,
ölkə başçısı reytinqini qaldırmaq fikrindədir. Heç də istisna deyil ki, yaxın
zamanlarda ölkədə olan və bəzi tanınmış beynəlxalq sosioloji mərkəzlər İlham
Əliyevin reytinqinin həddən ziyadə yüksək olması ilə bağlı məlumatlatlar
yayacaqlar.
Etatizm
və liberal dəyərlər
İndi əsas məsələ “Rusiyanın, yoxsa ABŞ-ın yanında
olmalıyıq?” sualına cavab axtarışı ilə bağlıdır. Bu illər ərzində İ.Əliyev
Rusiya, ABŞ, İran arasında manevr etməklə mövcud siyasi kursun davam etməsində
onların maraqlı olmasını ən azı müzakirəyə çıxara bildi. Yaxın Şərqdəki son
olaylardan da hakimiyyət öz xeyrinə bəhrələnmək şanslarından yaralanmağa cəhd
göstərdi. Belə ki, cəmiyyətin demokratikləşməsi və etatizmin məhvi yalnız qərbyönümlü
siyasətə yol açmır, Qərb üçün arzuolunmaz nəticələr də doğura bilər.
Avtoritar
hakimiyyət bir çox hallarda vətənpərvər-millətçi, radikal-dini qrupların
hakimiyyətindən daha sərfedici olur. Rəsmi Bakı nümayiş etdirmək istəyir ki,
hazırkı durum Qərbə sərf də edə bilər. Azərbaycan digər Şərq ölkələri qədər
despotik bir quruluşa malik deyil, eyni zamanda, Avropa ölkələrində mövcud olan
demokratiyaya da sahib deyil. Digər tərəfdən, İlham Əliyev struktur dəyişikliklərinə
də gedir. Prezident iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı
kimi görünsə də, onun addımlarının gözlənilən nəticələr verməməsi paradoksal
siyasi kursun təzahürü kimi qiymətləndirilir.
İmitasiya
edilən demokratiya
İmitasiya edilən demokratiyanın modeli getdikcə daha pis işləyir, hakimiyyət üçün
daha çox problem yaradır, sistemi və onun özünü hörmətdən salır. Yaranmış vəziyyətdən
iki yolla çıxmaq olar, ya demokratiyanın
imitasiya xüsusiyyətini azaltmaq, ya da vətəndaş rəyi ilə elektoral prosedur
arasında istənilən əlaqəni istisna edib, imitasiya edilən demokratiyadan imtina
etmək lazımdır.
Azərbaycanda birinci variant yuxarıda qeyd edilən səbəblərdən
dolayı mümkün deyil. Bundan başqa, iqtidar SSRİ-nin “yenidənqurma” dövründən
yaxşı dərs çıxarıb: seçkiləri bir qədər azad, rəqabət mühitini bir qədər geniş
eləyən kimi, seçkilərdə qalib gələn namizədlərə yüksək tribunalara çıxış imkanı
verən kimi hakim qruplaşmanın hakimiyyət inhisarı sual altına qoyulur.
Sosial-iqtisadi göstəricilərin pisləşdiyini nəzərə
alsaq, seçkilərdə spontan etiraz səsvermələr mütəmadi hal ala bilər. Ona görə
hökumətin seçki qanunvericiliyinin liberallaşmasını və siyasi rejimin ümumi
yumşalmasını deyil, tamamilə zidd proseslər gözləmək lazımdır.
Ölkə rəhbəri komandasına deyil, özünə arxayındı. O,
xalq tərəfindən sevildiyini və bunun həmişə belə olacağına əmin olsa da, məmurların
çoxu, xüsusilə bilavasitə əhali ilə işləyən və səfərbərlik sxemlərinə cəlb edilən
məmurlar iqtidarın əsl populyarlıq miqyasını və dərinləşən böhran fonunda
perspektivlərini çox yaxşı dərk edir.
İstənilən halda, Azərbaycan hakimiyyəti çətin dövrə
qədəm qoyub: daxili və xarici siyasətdə uğursuzluqlar və səhvlər əhalinin dəyişməyən
hakimiyyətdən dolayı ümumi yorğunluğu ilə birləşir, iqtisadi problemləri dərinləşdirir.
Belə bir şəraitdə imitasiya edilmiş demokratiyadan tamamilə imtina etmək istəyi
yüksək vəzifəli məmurların çoxuna cəlbedici gələ bilər. Prezident ictimai fəallarla
dialoqa başlamaqla, problemlərin həllinin bir qismini onlara yükləyə bilər. Bu
isə demokratiyanın inkişafında maraqlı olmayanların maraqlarına zərbə olardı. İstənilən halda, ölkə başçısı nələrisə dəyişmək
istəyir, lakin ciddi müqavimətlə üzləşir...
Azər
RƏŞİDOĞLU